SOCAR-da islahatlar: Nələr DƏYİŞƏCƏK?

  • By admin
  • 17 Avqust 2021 09:12

Artıq bir müddətdir ki, Dövlət Neft Şirkətində ciddi islahatlar aparılır. Ölkənin ən böyük şirkətində struktur dəyişikliyi ilə yanaşı yeni kadr təyinatları da həyata keçirilir. Belə ki, Prezident İlham Əliyevin 11 avqust 2021-ci il sərəncamı ilə SOCAR-a iki yeni vitse-prezident təyin olunub. Bundan öncə 4 vitse-prezident vəzifəsindən azad edilib.

Yaxın vaxtlarda SOCAR-da bir sıra yeniliklərin olacağı istisna edilmir.

Bəs, SOCAR-da aparılan islahatlar nə vəd edir?

 

Gununsesi.info xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a bildirib ki, hər bir kadr islahatı müasir idarəetmə standartlarının həyata keçirilməsinə təkan verəcək.

“Müşahidə Şurasının yaradılması Prezident tərəfindən atılan lazımi addım idi. Müşahidə Şurasının rəhbəri Mikayıl Cabbarov SOCAR-da müəyyən islahatlar aparır. Yeni təyin olunmuş vitse-prezidentlər kadr islahatlarının bir hissəsidir. Mən çox istərdim ki, orada özəlləşmə ilə bağlı da müəyyən islahatlar getsin.

Yeni və cavan kadrların vəzifəyə gətirilməsi beynəlxalq təcrübəni mənimsəmiş şəxslərə olan böyük etimadın nümunəsidir. Ümid edirik ki, aparılan hər bir kadr islahatı müasir idarəetmə standartlarının həyata keçirilməsinə təkan verəcək”, – deputat gözləntilərini dilə gətirib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov isə hesab edir ki, SOCAR dövlət şirkəti və ölkənin ən böyük işə götürənlərindən biri olduğuna görə burada insan resursları sahəsində aparılan islahatlar xüsusi yer tutur:

“Transmilli və beynəlxalq layihələrin həyata keçirilməsində, iri neft kompleksləri və müəssisələrinin yaradılmasında dövlət tərəfindən müxtəlif maliyyə və digər dəstək tədbirləri özünün mühüm səmərəsini verir. Eyni zamanda, SOCAR dövlət şirkəti və ölkənin ən böyük işə götürənlərdən biri olduğuna görə burada insan resursları sahəsində aparılan islahatlar xüsusi yer tutur, davamlı olaraq insan kapitalının inkişaf etdirilməsi və insan resurslarının idarə olunması sahəsində qabaqacıl beynəlxalq təcrübə öyrənilərək tətbiq edilir”.

Deputat SOCAR-da aparılan islahatları şərh edərkən qeyd edib ki, Azərbaycan hazırda iqtisadi transformasiya mərhələsinə qədəm qoyub, yeni növ islahatlara başlanılıb:

“Müşahidə Şurasının yaradılmasını şirkətin korporativ idarəçiliyə keçidi üçün mühüm addım kimi qiymətləndirmək olar. Şuranın və SOCAR-ın birgə səmərəli əməkdaşlıq fəaliyyəti müstəvisində Dövlət Neft Şirkətinin idarəetmə strukturlarında təkmilləşdirmələrə və uğurlu korporativ idarəetmənin tətbiqinə başlanılıb, çalışaraq qabaqcıl təcrübə və müasir idarəetmə standartlarının həyata keçirilməsi istiqamətində tədbirlər görülməkdədir. Bu islahatların mühüm tərkib hissəsi kimi Cənab Prezidentin müvafiq fərmanı ilə Dövlət Neft Şirkətinin strukturu təkmilləşdirilib, SOCAR-ın İdarə Heyətində dəyişikliklər edilib, yeni vitse-prezidentlər təyin edilib. SOCAR-da kadr dəyişikliklərinin aparılması və yeni Vitse-prezidentlərin təyin edilməsi aparılan ümumi islahatlar siyasətinin tərkib hissəsidir”.

Xatırladaq ki, bu il yanvarın 23-də Prezident İlham Əliyev Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən, SOCAR-ın fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün bu qurumun Müşahidə Şurası formalaşdırılıb.

Müşahidə Şurası Azərbaycan Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr də daxil olmaqla, 7 üzvdən ibarətdir. Fərmanla Azərbaycan İnvestisiya Holdinqinə beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, SOCAR-ın mövcud müqavilə öhdəliklərinə riayət olunması şərti ilə onun hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin nəticələrinin diaqnostikasının aparılmasını altı ay müddətində təmin edib nəticəsi barədə Prezidentə məlumat vermək tapşırılıb.

Gununsesi.info