SOCAR-dan İrpenlə bağlı addım

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə şirkəti olan “SOCAR Energy Ukraine” İrpen şəhərindəki Zərifə Əliyeva adına 12 nömrəli məktəbin bərpası prosesində iştirak edib.

Gununsesi.info xəbər verir ki, bu barədə şirkətin Mətbuat Xidmətinin məlumatında deyilir.

HTML tutorial

Bildirilir ki, bundan əlavə, Zərifə Əliyeva adına Dostluq parkının abadlaşdırılması istiqamətində də bir sıra işlər görüləcək.

“SOCAR İrpen şəhərinə kömək əlini uzadıb. 12 saylı məktəbin təmirini və Zərifə Əliyeva adına parkın su təchizatını maliyyələşdirəcəyik”, – SOCAR-ın yanacaqdoldurma məntəqələri şəbəkəsinin direktoru İqor Orlov bildirib.

İrpen şəhərinin meri Aleksandr Markuşinin sözlərinə görə, bir çox evlərin, məktəb və uşaq bağçalarının yenidən qurulmasına ehtiyac var:

“Bunun üçün çoxlu vəsait və yardım lazımdır”.

“İrpen müxtəlif biznes sahələrində fəaliyyət göstərən bütün müəssisələri şəhərimizin bərpasına qoşulmağa çağırır, sizə müəssisələrinizin adının ömür boyu bizim İrpenin tarixində qalmasını təklif edirik”, – İrpenin İnvestisiya Şurasının rəhbəri Vladimir Karplyuk bildirib.

Xatırladaq ki, SOCAR-ın Ukraynada nümayəndəliyi 2008-ci ildə açılıb. 2009-cu ildə şirkət Odessa və Nikolayev vilayətlərində “Tala-Neft” şəbəkəsinin 20-yə yaxın yanacaqdoldurma məntəqəsini, həmçinin Odessa vilayətindəki iri “Rassvet” neft bazasını satın alıb. 2010-2011-ci illərdə isə ONIO (Kiyev və vilayətdə dörd yanacaqdoldurma məntəqəsi) və GFC (Lvov vilayəti) yanacaqdoldurma şəbəkələrinə nəzarəti ələ keçirib.

2012-ci ilin avqustunda SOCAR Ukraynanın Antiinhisar Komitəsindən “Kalina” qrupunun 26 yanacaqdoldurma məntəqəsi və bir neft bazasını almaq üçün icazə alıb. Şəbəkə Ukraynada 57 yanacaqdoldurma məntəqəsini, o cümlədən iki neft bunkerini – Kiyevdə “Bakı-1” və Odessada “Gəncə”ni idarə edir. 2016-cı ilin sonundan şirkət Ukraynada təbii qaz ticarəti ilə də məşğuldur.

Gununsesi.info