Respublikanın energetika sistemində baş vermiş qəza ilə əlaqədar olaraq SOCAR-ın quru mədənlərində iş rejimi müvəqqəti olaraq pozulub.
SOCAR-dan verilən məlumata görə, Qaz İxrac İdarəsinin Kompressor stansiyalarının, Neft Emalı Zavodu, “Azərikimya” İB-nin müəssisələri, Qaz Emalı Zavodunda elektrik enerjisinin kəsilməsi nəticəsində müəssisələrin fəaliyyəti qəza rejimində dayandırılıb.
Səhərə yaxın elektrik enerjisinin təshizatı bərpa olunduqdan sonra Qaz anbarları, Qaz İxrac İdarəsinin Kompressor stansiyaları, NEZ və “Azərikimya” İB-nin müəssisələrinin bütün qurğuları tədricən işə salınıb. Hazırda SOCAR-ın müəsissələrinin iş rejimi normal vəziyyətdə davam edir.
Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyası yaradılıb. Dövlət Komissiyasına hadisənin baş verməsi səbəblərini araşdırmaq və bu barədə Azərbaycan Prezidentini məlumatlandırmaq, qəzanın nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirmək və həyata keçirmək, görülmüş işlər haqqında dövlət başçısına mütəmadi məlumat vermək tapşırılıb.











