SOCAR-ın vitse-prezidenti Türkmənistandakı forumda iştirak edib

  • By admin
  • 29 Mart 2022 16:30

Türkmənistanla Azərbaycan arasında ticarət dövriyyəsi 2020-ci ildən bu yana beş dəfə artıb.

Gununsesi.info xəbər verir ki, bunu Aşqabadda keçirilən “Türkmənistanın nefti və qazı” (OGT-2022) Beynəlxalq Sərmayə Forumunda nitq söyləyən SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov bildirib.

Natiqin dediyinə görə, Azərbaycan Xəzər regionu ölkələrilə əməkdaşlığın genişləndirilməsində, Xəzərin potensialından dolğun istifadə etməkdə maraqlıdır və bunun üçün birgə səylərin zəruri olduğu qənaətindədir.

Azərbaycanla Türkmənistan arasında uzun əsrlər boyu dost əlaqələrin olduğunu deyən SOCAR rəsmisi iki ölkə arasında indiyədək 100-dən artıq sənədin imzalandığını dilə gətirib. O cümlədən Xəzərdəki “Dostluq” yatağının karbohidrogen ehtiyatlarının birgə kəşfiyyatı, işlədilməsi və istismarına dair 21 yanvar 2021-ci il tarixli anlaşma memorandumunun əhəmiyyəti xüsusi qeyd olunub.

Bununla yanaşı nəqliyyat sahəsində də iki ölkə arasındakı əməkdaşlıqda irəliləyiş olduğu diqqətə çatdırılıb.