SOCAR neft hasilatını artırmağa nail oldu

SOCAR neft hasilatını artırmağa nail oldu

2018-ci ilin yanvar-mart aylarında ölkə üzrə neft hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4% artaraq, 9,7 milyon ton, qaz hasilatı isə ötən ilin analoji dövrünə nisbətən 5,2% artaraq, 7,3 milyard m3 təşkil edib.

Məlumatda deyilir ki, SOCAR üzrə hasilatda müsbət dinamikanın əldə olunması qazma işlərinin artırılması ilə yanaşı, mövcud quyuların effektli istismar edilməsi və fəaliyyətsiz quyuların bərpası ilə bağlıdır: “2018-ci ilin yanvar-mart aylarında SOCAR neft və qaz hasilatının sabit saxlanılması üzrə kompleks tədbirlərin icrasını davam etdirıb. SOCAR üzrə aparılan qazma işlərinin həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 14% artıb. Nəticədə SOCAR tərəfindən qazılan 15 quyu üzrə qazmanın həcmi təqribən 40,5 min metr təşkil edib. Bundan əlavə SOCAR-ın birgə müəssisələri tərəfindən 13 quyu qazılıb. İstismar edilən quyularda geoloji – texniki tədbirlər aparılıb, 66 fəaliyyətsiz quyu istismara qaytarılıb. Bu tədbirlərin nəticəsində, 2018-ci ilin I rübü üzrə SOCAR-ın neft hasilatı sabit qalaraq, 1,8 milyon ton təşkil edib. SOCAR-ın qaz hasilatı isə I rüb üzrə təqribən 1,6 milyard m3 təşkil etmiş və əvvəlki ilin müvafiq göstəricisinə nisbətən 8% artıb”.

SOCAR-ın Geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov qeyd edib ki, Azərbaycanın artan qaz tələbatını qarşılamaq məqsədi ilə SOCAR yeni neft və qaz yataqlarının işlənməsi istiqamətində mühüm addımlar atır: “”Qarabağ” və “Ümid” yataqları üzrə aparılan işlərin artıq növbəti mərhələsinin astanasındayıq. Yaxın zamanda bu yataqların işlənməsi İlkin Detallı Layihələndirmə (İDL) mərhələsinə daxil olacaq. Həmçinin “Babək” strukturunda ilk kəşfiyyat quyusunun qazılması üçün layihələndirmə işləri davam etdirilib. Abşeron yatağının İlkin Hasilat Sxemi üzrə mühəndislik layihələndirmə işləri davam edir və layihə üzrə Yekun İnvestisiya Qərarına hazırlıq işləri aparılır.”

Qazma və hasilatda olduğu kimi, cari ilin I rübündə xam neftin ixracında da artım müşahidə olunub.  Həmin dövr ərzində SOCAR tərəfindən xam neftin ixracı ötən ilin müvafiq göstəricilərinə nisbətən 13%-dən çox artıb, 5,7 milyon ton təşkil edib. Neft ixracının artımı, müxtəlif amillərlə yanaşı, SOCAR-ın AÇG-dəki payının artırılması ilə də bağlıdır.

Vüsalə

Gununsesi.info

COMMENTS