Son günlər ARDNŞ-nin (SOCAR) Avropa Çempionatına sponsorluq etməsi ilə bağlı məsələ sosial şəbəkələrdə geniş müzakirə obyektinə çevrilib. Gununsesi.info xəbər verir ki, müzakirə iştirakçıları dünyada neftin qiymətinin aşağı düşdüyü, işsizliyin artdığı, problemlərin çoxaldığı bir məqamda ölkə daxilində bir sıra mühüm sahələrin inkişaf etdirilməsinə ehtiyac duyulduğu halda ARDNŞ-nin bu çempionata sponsorluq etməsini artıq xərc kimi dəyərləndirirlər. Bu məbləğin işsizliyin aradan qaldırılması istiqamətdə fəaliyyətə yönəldilməsini məqsədəuyğun olduğunu vurğulayır, tənqidi fikirlər səsləndirirlər. Müzakirə obyektinə çevrilmiş mövzuya ARDNŞ-nin münasibətini öyrənmək üçün Gununsesi.info-nun əməkdaşı sözügedən qurumun mətbuat xidmətinin rəhbəri Nizaməddin Qurbanovla əlaqə saxlamaq üçün etdiyi cəhdlər cavabsız qaldı. N.Quliyevin Elçin adlı müavini bildirdi ki, bu sorğuya cavab vermək onun səlahiyyətlərinə daxil deyil: “Biz sosial şəbəkələrdə danışılan söz-söhbətlərə münasibət bildirmirik. Amma yarım saat sonra zəng edin, görum kimi tapıram, bununla bağlı suallarınızı cavablandırsın” – , deyə o bildirib. Sonrakı yarım saatlarda dəstəyi qaldıran xanım əməkdaş isə Elçin müəllimin otaqda olmadığını, 5 dəqiqə sonra zəng etməyimizi tövsiyyə etsə də, zənglərimiz cavabsız qaldı. Üç saatdan sonra dəstəyi qaldıran mətbuat xidməti rəhbərinin müavini Elçin müəllim bildirdi ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev bu məsləylə bağlı ötən həftə açıqlama verib: “Rövnəq müəllim sosial şəbəkələrdə və cəmiyyətdə bu haqda gedən müzakirələrə kifayət qədər aydın cavab verib. Bu layihə həm sosial, hәm dә kommersiya xarakterlidir. Sözügedən layihəylə uğura imza atmışıq. Layihə bizә әlavә gәlir gәtirir” -, deyə o bildirib.
Qeyd edək ki, SOCAR-ın bu çempionata 45 milyon avro vəsait ayırdığı söylənilir.
Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2016-cı il Avropa çempionatı və bu turnirin seçmə oyunlarının əsas sponsorları sırasına daxil olduğunu elan edibbununla da SOCAR “Coca-Cola”, “McDonald`s”, ADİDAS, “Hyundai Kia”, “Kontinental” və “Carlsberq”dən sonra UEFA-nın Avro-2016 üçün 7-ci qlobal tərəfdaşı olub. Neft şirkəti bu il keçiriləcək 21 yaşadək futbolçular arasında və qadınlar arasında Avropa çempionatı üzrə UEFA-nın kommersiya planına daxil ediləcək. Bundan başqa, SOCAR Avro-2016 və DÇ-2018-in Avropa zonası üzrə seçmə mərhələ oyunları, eyni zamanda 2016-cı ildə Azərbaycanda keçiriləcək 17 yaşlıların da qitə birinciliyinin rəsmi sponsoru olub.
Gülnaz Qənbərli