
2017-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 1,7 faiz üstələyərək 10,2 milyard manata bərabər olub.
Bu barədə Gununsesi.info-ya Dövlət Statistika Komitəsindən məlumat verilib.
Komitədən verilən məlumata görə, ticarət dövriyyəsinin 50,6 faizini ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49,4 faizini qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-aprel aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 0,6 faiz və 2,7 faiz üstələyib.
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 45,2 faizi ərzaq məhsullarının, 5,4 faizi içkilər və tütün məmulatlarının, 17,7 faizi toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,4 faizi elektrik malları və mebellərin, 4,9 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,3 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
2017-ci ilin yanvar-aprel aylarında istehlak məhsullarının 11,4 faizi hüquqi şəxs statuslu müəssisələr, 53,5 faizi fərdi sahibkarlar tərəfindən, 35,1 faizi isə bazar və yarmarkalarda satılıb. 2016-cı ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə hüquqi şəxslər üzrə 2,7 faiz, fərdi sahibkarlar üzrə 2,5 faiz artmış, bazar və yarmarkalar üzrə isə sabit qalıb.
Mürtəza
Gununsesi.info