Son 6 ildə xarici ticarətimiz 2.2 dəfə azalıb

  • By admin
  • 17 Avqust 2016 10:28

gomruk

Bu ilin yanvar-iyul aylarında ticarət əməliyyatlarında 167.4 milyon dollar mənfi saldo yaranıb.

Azərbaycanın xarici ticarət dövriyyəsi azalmaqla davam edir.

Gununsesi.info Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-iyul aylarında ticarət əməliyyatların həcmi 9 milyard 347 milyon dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 26.8 faiz azdır.

Ümumiyyətlə, ölkənin xarici ticarət dövriyyəsi 2012-ci ildən etibarən azalmağa doğru gedir. Ötən 6 il ərzində ticarət əməliyyatlarının həcmi 2.2 dəfə azalıb. Qeyd edək ki, 2011-ci ilin yanvar-iyul aylarında xarici ticarətimizin həcmi 20.6 milyard dollar təşkil edib.

Sonrakı illərdə Azərbaycan neftinin hasilatının aşağı düşməsi, habelə avtomobil bazarına Avro standartlarının tətbiqi nəticəsində idxalın azalması ticarət dövriyyəsinə də öz təsirini göstərməyə başladı. Son bir ildə isə sözügedən balansa “qara qızıl”ın qiymətinin kəskin ucuzlaşmasının da daxil olması ticarət əməliyyatlarında mənfi saldonun yaranmasına rəvac verdi.

Beləliklə, DGK-nin hesabatına görə, bu ilin 7 ayında idxal 4 milyard 757 milyon dollar, ixrac isə 4 milyard 589 milyard dollar təşkil edib. Nəticədə 167.4 milyon dollarlıq mənfi saldo yaranıb.

Qeyd edək ki, xarici ticarətin azalması ölkənin tədiyyə balansına təsir göstərən əsas faktordur.  Belə ki, tədiyyə balansının formalaşmasında cari balans kimi qeyd edilən xarici ticarət dövriyyəsi, maliyyə və xidmət balansları əsas rol oynayır. Nəzərə alsaq ki, maliyyə və xidmət sektorunda gəlirlər daim mənfi saldo ilə müşaiyyət olunub, o zaman cari balansda yaranmış vəziyyət ölkə iqtisadiyyatı üçün müsbət heç nə vəd etmir.

Daha aydın şəkildə bildirək ki, bu gün ölkədən çıxan kapital ölkəyə daxil olan kapitalı üstələməyə başlayıb. Nəticə daxili bazarda vəsait qıtlığı yaranıb. Bu isə manata qarşı təzyiqlərin bitmədiyini, hər zaman devalvasiya təhlükəsi yaratması deməkdir.

Vüsalə RÜSTƏMOVA

Gununsesi.info