Son sutkada öz vətəndaşlarını Ukraynadan geri çağıran ölkələr - SİYAHI

  • By admin
  • 12 Fevral 2022 18:10

Son sutkada 20-dən çox ölkə öz vətəndaşlarına hərbi münaqişə təhlükəsi ilə bağlı Ukrayna ərazisini tərk etməyi tövsiyə edib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna ilə bağlı çağırışlar təkcə adi vətəndaşları əhatə etmir, həm də bu ölkədəki diplomatlar ölkəni tərk edirlər.

Ukraynanı tərk etmək çağırışı Avstraliya, Böyük Britaniya, Latviya, İsrail, Kanada, Yunanıstan, Yeni Zelandiya, Hollandiya, Norveç, ABŞ, Şimali Makedoniya, Küveyt, Finlandiya, Monteneqro, Gürcüstan, Estoniya, Cənubi Koreya, Yaponiya, Belçika, Almaniya, İspaniya və Litva hakimiyyətləri tərəfindən edilib.

Bu dövlətlərin Xarici İşlər nazirliklərinin nümayəndələri təhlükəsizliklə bağlı ciddi və gözlənilməz vəziyyətə görə öz vətəndaşlarını Ukraynadan geri qayıtmağa çağırıblar.

Bir gün əvvəl ABŞ prezidenti Co Bayden fevralın 16-nı Rusiyanın Ukraynaya təcavüzünün başladığı gün elan etdi. O, bu tarixi Qərb ölkələri, Avropa İttifaqı və NATO liderləri ilə danışıqlar zamanı açıqlayıb.

İşğal mövzusunda ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan da danışıb. O, Rusiyanın Pekin Olimpiadası zamanı Ukraynaya qarşı aqressiv addımlar ata biləcəyinə əminliyini ifadə edib. Eyni zamanda prezidentin köməkçisi vurğulayıb ki, ABŞ Rusiyanın Ukraynaya qarşı güc tətbiqi ilə bağlı yekun qərar verdiyini iddia etmir.

 

 

Gununsesi.info