![](https://www.gununsesi.info/wp-content/uploads/2024/06/Polish_20240614_145233688-scaled.jpg)
Bu gün Azərbaycanın təhsil ocaqları daha bir səhifəni başa vurdu. Daha bir gənc nəsil müstəqil həyata yola salındı. Hər gün eşitdikləri zəng bu gün fərqli mahiyyət daşıyır. Bu zəng yeni günün, yeni dövrün başladığından xəbər verir.
Ona görə də “Son zəng”, həm də “ilk zəng”dir. Azərbaycanda minlərlə ailədə bu gün on bir il gözlənilən bayramdır.
Cari tədris ilində ümumi təhsil müəssisələrində 102 120 nəfər XI sinfi, 150 445 nəfər IX sinfi, 137 862 şagird birinci sinfi bitirir. Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 87 569 uşaq təhsil alıb. 2023-2024-cü tədris ilində ümumi təhsil müəssisələrində təhsilalanların sayı 1 706 935 nəfər təşkil edib.
Yeri gəlmişkən, Azərbaycan əhalisinin sayı isə ilin əvvəlindən 12 min 801 nəfər və ya 0,1 faiz artaraq 2024-cü il may ayının 1-i vəziyyətinə 10 milyon 193 min 571 nəfərə çatıb. Azərbaycan əhalisinin təxminən 10 faizi ümum təhsil müəssisələrində oxuyub, bir faizə yaxın vətəndaş isə bu il məzun olub.
Builki “Son zəng” Azərbaycanın bütün bölgələrində çalınıb. Cari tədris ilinin məzunları ərazi bütövlüyü və suverenliyi təmin olunan müstəqil dövlətin vətəndaşı olaraq təhsili başa vururlar.
Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev “Son zəng” tədbirində iştirak edərkən deyib ki, bu ilin sentyabrında Şuşada, Xocalıda, Xankəndidə, Malıbəyli kəndində, Kərkicahan qəsəbəsində, Cəbrayılda, Kəlbəcərdə məktəblərin açılması planlaşdırılır. Onun sözlərinə görə, 20-dən artıq məktəb tikilmə mərhələsindədir: “Növbəti mərhələlərdə köç planına uyğun onların da açılışı nəzərdə tutulur”. Sakinləri öz yurdlarına qayıtmış yerlərin bəzilərində artıq “Son zəng” də çalınıb. Bu zənglər işğalçıların tapdağından təmizlənən torpaqlarda başlayan yeni həyatın səsidir. Odur ki, yeni nəsli daha böyük işlər gözləyir. Görülən işlər həm də regional və qlobal əməkdaşlığa xidmət edir.
Onlara bütün Azərbaycan adına görəcəkləri böyük işlərdə uğurlar arzulayırıq.
“Son zəng”iniz, böyük işlər uğrunda atacağınız addımlarınız mübarək, MƏZUNLAR!
Qeyd: Fotolar-video 5 saylı tam orta məktəbdə lentə alınıb.
Gununsesi.info