“Sonalar Sonası”nın liftinin fəaliyyəti dayandırıldı - Video

Bakıdakı “Sonalar Sonası” şadlıq sarayında liftin təhlükəsizlik tələblərinə cavab vermədiyi aşkarlanıb, fəaliyyəti dayandırılıb.

Bu barədə Gununsesi.info-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Belə ki, FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Bu çərçivədə, Agentliyin müfəttişləri tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal, 76 ünvanında yerləşən “Aysel” firmasına məxsus “Sonalar Sonası” şadlıq sarayının liftində plan üzrə yoxlama aparılıb.

Yoxlama zamanı liftin müvafiq təhlükəsizlik tələblərinə riayət olunmadan istismar edildiyi və insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı müəyyən olunub.

Qeyd olunanlar nəzərə alınaraq, liftin istismarı dayandırılıb və aşkar edilmiş texniki təhlükəsizliklə bağlı pozuntuların aradan qaldırılması üçün “Aysel” firması qarşısında məsələ qaldırılıb. Həmçinin, müvafiq akt tərtib edilərək, yalnız qayda pozuntularının aradan qaldırılacağı təqdirdə liftin istismarının mümkün olacağı və liftin müvafiq normalara riayət olunmadan istismarı zamanı baş verə biləcək qəza və bədbəxt hadisəyə görə məsuliyyət daşıdıqları sözügedən firmanın rəhbərliyinə izah olunub.

 

 

 

Şəbnəm

Gununsesi.info