Sorğu: Dünya 2034-cü ildə necə olacaq? - İnkişaf edəcək və çökəcək ölkələr...

Dünya 2034-cü ildə necə olacaq?

Gununsesi.info xəbər verir ki, ABŞ-ın “Atlantic Council” beyin mərkəzi 300 analitik arasında keçirdiyi sorğuda bu suala cavab tapmağa çalışıb.

Sorğuda iştirak edən analitiklərin 60 faizi 10 ildən sonra dünyanın daha pis vəziyyətdə olacağı qənaətindədir. Çox az analitik 10 ildən sonra Yaxın Şərqdə vəziyyətin normallaşacağına inanır, cəmi 5 analitikdən bir İsrailin Fələsitinin müstəqilliyini tanıyacağını proqnozlaşdırıb.

Analitiklərin əksəriyyəti 10 ildən sonra da Çinin inkişafı edəcəyini, bir hissəsi isə Rusiyanın çökəcəyini bildirib.

Analitiklər Rusiya prezidenti Vladimir Putinin 10 ildən sonra Kremldə olmayacağını proqnozlaşdırıblar. Analitiklərin təxminən 35 faizi 10 ildən sonra Rusiyada mərkəzdənqaçma meyllərinin güclənəcəyini bildirib.

Sorğuya qatılanların 84 faizi 10 ildən sonra dünyada ən azı bir dövlətin də nüvə silahına malik olacağı fikrindədir. Həmin dövlətin İran və ya Səudiyyə Ərəbistanı ola biləcəyi ehtimalı yüksəkdir. Bu mövzuda optimist proqnoz odur ki, sorğuya qatılanların əksəriyyəti 10 ildən sonra nüvə müharibəsinin baş verəcəyinə inanmır.

Bu barədə Gununsesi.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib ki, əlbəttə “Atlantic Council” beyin mərkəzinin nəticəsi doğma deyil, ancaq 300 analitikin 10 il sonra üçün verdiyi proqnozu nəzərə almamaq da mümkün deyil. “Bizi daha çox iki qonşumuz – Rusiya və İranla bağlı nəticə maraqlandıra bilər. Birində mərkəzdənqaçma meyllərinin güclənəcəyi, digərində nüvə çalışmalarının sürətlənəcəyi proqnozlaşdırıb. Azərbaycan təhlükəsizlik və Türkiyə ilə hərbi ittifaqı gücləndirməklə qonşularımızda 10 il sonrakı hadisələrə hazırlaşmalıdır”, – deyə o qeyd edib.

Gununsesi.info