Sosial şəbəkədə yayılan görüntülər müzakirələrə səbəb olub.
Gununsesi.info-nun xəbərinə görə, Sumqayıt şəhəri, “Central Park” restoranı olduğu iddia edilən ərazidə plakat asılıb və orada açıq-aşkar insanların geyiminə qarşı olunduğu görsənir.
Bu cür bir əməlin doğru olmadığını vurğulayan insanlar olsa da, eyni zamanda, haqlı olduğunu qeyd edənlər də var.
Bəs görəsən, qanun bu barədə nə deyir?
Saytımıza açıqlamasında hüquqşünas Şamil Paşayev qeyd edib ki, hər hansısa bir parkın ərazisində insanların geyim formasını müəyyən etməyə yönəlik plakatların asılması əsassızdır və bu, fərdi hüquqların, azadlıqların pozulması kimi qiymətləndirilməlidir.
“Bir çox şəriətlə idarə olunan dövlətlərdə belə şortla hərəkət etməyə maneə yoxdur. Ümumiyyətlə, bu cür bir düşüncə dəyişməlidir. Bir sözlə, insanların hərəkət, geyim azadlığına qarşı olan məsələlər yolverilməzdir və bu hallar ilə qarşılaşan şəxslər aidiyyəti üzrə olan qurumlara müraciət edə bilərlər”, – deyə o, həmçinin qeyd edib.
Qeyd edək ki, bir neçə gün əvvəldə İçərişəhərdə şort geyinən gəncə qarşı edilən etiraz müzakirələrə səbəb olmuşdu.
Orxan












