
“Hüquq və İnkişaf” İctimai Birliyi Avropa İttifaqının maliyyə yardımı ilə BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfindən həyata keçirilən “Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində icra etdiyi “Azərbaycanda sosisal hüquqlar və onun müdafiəsinin təkmilləşdirilməsi” layihəsi üzrə Bakı şəhərində “Sosial hüquqlar və onun hüquqi müdafiəsi” mövzusunda dəyirmi masa keçirib.
Gununsesi.info xəbər verir ki, dəyirmi masanın açılışında çıxış edən layihə rəhbəri Gülşən Rzayeva BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfindən həyata keçirilən “Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsinin məqsədləri və bu çərçivəsində icra edilən daha 11 layihə haqqında ümumi məlumat verib.
Sonra “Hüquq və İnkişaf” İctimai Birliyinin sədri Hafiz Həsənov “Sosial hüquqlar və onun hüquqi müdafiə mexanizmləri” mövzusunda çıxış edib və bu layihə çərçivəsində hazırlanan “Sosial hüquqlara dair qanunvericiliyin analizi və tövsiyələr” sənədini təqdim edib.
H.Həsənov çıxışında hazırlanan sənədin əhatə etdiyi pensiya təminatı, ünvanlı dövlət sosial yardımı, sosial müavinələr, əlillərin sosial müdafiəsi, sosial xidmətlər, qaçqınlar və məcburi köçkünlər və icbari tibbi sığorta məsələləri üzrə prioritet hesab edilən tövsiyələrlə tədbir iştirakçılarını geniş məlumatlandırıb.
Dəyirmi masada məruzədən və təqdimatdan sonra müzakrələr aparılıb. Müzakirələrdə çıxış edən qeyri-hökumət təmsilçiləri və hüquqşünaslar – Bəşir Süleymanlı, Ruhəngiz Hüseynova, Abil Bayramov, Cəsarət Hüseynzadə, Əliməmməd Nuriyev, Ziya Quliyev, Davud Rəhimov, Mirəli Hüseynov, Zaur Əkbər və Nabat Qəniyeva, habelə, Dövlət Sosial Müdafiə Fondunun təmsilçisi Azəri Məmmədov məruzə və təqdim edilən sənədlə bağlı münasibətlərini bildirib və təkliflər irəli sürüblər.
Dəyirmi masada qərara alınıb ki, verilən təkliflər nəzərə alınmaqla “Sosial hüquqlara dair qanunvericiliyin analizi və tövsiyələr” sənədi bir daha təmilləşdirilsin və müvafiq dövlət orqanlarına təqdim edilsin.
Gununsesi.info