
Təqaüdlər və sosial müavinətlərə 2018-ci ildə 2,2 milyard manat məbləğində vəsait nəzərdə tutulub.
Gununsesi.info Hesablama Palatasının 2018-ci il büdcə layihəsinə dair rəyinə görə, bu da cəmi xərclərin 10,6%-nə bərabərdir.
Cari ilin gözlənilən icrası ilə müqayisədə bu xərclərdə 47,9 milyon manat və ya 2,2% artım proqnozlaşdırılıb. Ənənəvi olaraq “Sosial müdafiə və sosial təminat” bölməsinin xüsusi çəkisi nəzərəçarpacaq dərəcədə yüksəkdir – 96,1%. Təqaüdlər və sosial müavinətlərə nəzərdə tutulmuş xərclərin tərkibində işsizlərin hazırlığı və ixtisasının artırılması ilə bağlı transfertlərin məbləğində 10,3 dəfə artım nəzərdə tutulub.
Bu istiqamətə 17 milyon manat vəsait proqnozlaşdırılıb və artımın əsas səbəbi işsizik sığortası ilə bağlı mexanizmin tətbiqinə növbəti ildən başlanılmasıdır.
Həmçinin qaçqınlara və məcburi köçkünlərə verilən müavinətlərin məbləğində də nəzərəçarpacaq artım gözlənilir. Belə ki, bu istiqamətdə cari ilin gözlənilən icrası ilə müqayisədə 14,07 milyon manat çox və ya 201,5 milyon manat məbləğində vəsait proqnozlaşdırılıb. Ünvanlı dövlət sosial yardımlarının ödənilməsinə bu ilin sonuna 234,8 milyon manat vəsaitin icra ediləcəyi gözlənilir və növbəti ilə 28,6 milyon manat məbləğində az vəsait proqnozlaşdırılıb. Azalma ilə proqnozlaşdırılmış istiqamətlərdən biri də tələbələrə verilən təqaüdlərlə bağlıdır. Belə ki, 2017-ci ilin gözlənilən icra göstəricisi ilə müqayisədə 2,4 dəfə az olmaqla 23775,7 min manat vəsait nəzərdə tutulub.
Vüsalə Rüstəmova
Gununsesi.info











