Sosial şəbəkədə hədələnən, söyüşə görə öldürülənlər – Acınacaqlı durumdan çıxış yolu nədir? - RƏY + FOTO

Son günlər sosial şəbəkələrdə insanlar müəyyən “screen”lər paylaşaraq digər istifadəçilər tərəfindən tənqid, təhqir, hətta nalayiq davranışlara məruz qaldıqlarını deyirlər. Bir çox ölkələrdə bu cür neqativ hallar virtuallıqdan çıxaraq real həyata daşınır və hətta ölümlə nəticələnə bilir. Xatirinizdədirsə, elə Bakıda da belə bir faciə yaşanmışdı: “TikTok”da yazdığı nalayiq ifadələrə görə 40 yaşlı Əli Musayev 30 yaşlı Vətən müharibəsi iştirakçısı Natiq Ramazanovu bıçaqlayaraq öldürmüşdü. Sosial şəbəkə üzərindən şantj, kibercinayət və s. neqativ durumların sayı da getdikcə artır.

Sosial şəbəkələrdə anonimlik insanlara tənqid, təhqir, hətta söyüş söymək, başqalarını aldatmaq “azadlığı” verir. Ancaq istənilən davranış bumeranq effekti yaratdığından insanlar bu kimi situasiyalarda adekvat davranmağı, daha sağlam çıxış yolu tapmağı bacarmalıdırlar axı. Şiddət heç bir halda çıxış yolu olmamalıdır.

HTML tutorial

Bu kimi durumlarda şəxslərin hüquqları necə qorunmalıdır? Ümumiyyətlə, sosial şəbəkədən düzgün istifadə qaydası necə olmalıdır? Bizim cəmiyyət nə üçün hələ də bu sahədə geri qalır?

Sosioloq Əhməd Qəşəmoğlu Oxu.Az-a açıqlamasında bildirib ki, bu gün sosial şəbəkələr cəmiyyətin həyatında çox önəmli rol oynayır:

“Belə bir vaxtda hadisələri öz axarına buraxmaq olmaz. Bu məsələ ilə ciddi məşğul olmaq lazımdır. Bir müddət əvvəl ictimai yerlərdə davranış qaydaları ilə bağlı qanunamüvafiq addımlar atılması müzakirə edilirdisə, bu gün də sosial şəbəkələrdən istifadə qaydalarına dair tənzimlənmələrin olması arzuediləndir. Sosial şəbəkələr ictimai yerlərdən də mühüm məkandır. Avtobusda, küçədə 30-40 adam bir arada olursa, sosial şəbəkələrdə bir dəqiqədə yüzlərlə insan hər hansı sözə şahid ola bilir. Belə bir yerdə davranış qaydalarına ciddi nəzarət, onları tənzimləyən qanunlar olmalıdır.

Hüquqi baza yaradılmalıdır. Hansısa ölkədəki qanunu götürüb tətbiq etmək düzgün olmaz. Cəmiyyətdə proseslər təhlil olunmalıdır, qanun hazırlanmalı, normativlər müəyyənləşdirilməlidir. Bu daha sonra cəmiyyətə maarifləndirici tədbirlərlə ötürülməlidir. Hələ biz axıra qədər bilmirik ki, sosioloji mərkəzlər nəyə xidmət edir. Peşəkar sosioloqlar yoxdur. Düşünürəm ki, bu istiqamətdə təcili surətdə mexanizmlər hazırlanmalı, kompleks tədbirlər tətbiq edilməlidir”.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi, polis baş leytenantı Zeyni Hüseynov bildirib ki, bu gün informasiya almaq, həmçinin informasiya ötürmək an məsələsidir. İnformasiya o zaman sosiallaşır ki, onun yayılması sərhəd tanımır:

“Sosial şəbəkə anlamı neologizm olsa da, o artıq ümumişlək sözə çevrilib və ictimai rəyin formalaşmasına birbaşa təsir göstərdiyinə görə inkarolunmaz gücdür. Dövlətin əsas sütunlarından biri kimi müasirlik ruhunda çağırışlara qoşulan Azərbaycan polisi cinayətkarlıqla qətiyyətli mübarizə ilə yanaşı, sosial şəbəkələrdə də fəaliyyətini günün tələblərinə uyğun qurub.

Hər gün DİN-in sosial şəbəkələrdəki səhifələrinə polisin fəaliyyəti ilə bağlı vətəndaşları maraqlandıran onlarla sual ünvanlanır. Bütün bunlar onu deməyə imkan verir ki, bu gün Azərbaycan polisinin gərgin xidməti ictimaiyyətin diqqət mərkəzindədir.

Statistikanı diqqətinizə çatdırmaq istəyirəm ki, cari ilin 10 ayı ərzində səhifələrin mesaj bölməsinə ümumilikdə 23 837 müraciət daxil olub. Onlardan 4 509-u (1350-si təşəkkür məktubu) qeydiyyata alınması və yönləndirilməsi üçün aidiyyəti üzrə təqdim edilib.

Təbii ki, daxil olan sualların heç birinə etinasız yanaşılmır, dərhal cavablandırılır və lazımi tədbirlər görülür. Təhlillər göstərir ki, müraciətlərin əksər hissəsi onlayn dələduzluq halları ilə üzləşən vətəndaşlarımızdan daxil olur. Bu istiqamətdə də həm polisin, həm də KİV-in üzərinə böyük yük düşür ki, vətəndaşlarımızın maarifləndirilməsində, sosial şəbəkələrdə düzgün davranış qaydalarının aşılanmasında fəaliyyətimizi gücləndirək.

Bundan başqa, təhqir, böhtan kimi hallarla da üzləşən vətəndaşlarımızın müraciətləri olur. Bu məsələlərlə bağlı hüquq norması mövcuddur və Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində öz əksini tapıb.

Fürsətdən istifadə edərək vətəndaşlarımızı internet resurslarında ayıq-sayıq olmağa çağırır, kibercinayətkarlıq, həmçinin digər neqativ hallarla üzləşdikdə DİN-in “102” Xidməti – Zəng Mərkəzinə, həmçinin sosial şəbəkələrdəki səhifələrinə dərhal məlumat vermələrini xahiş edirəm”.

Gununsesi.info