Sosial şəbəkələrdə Siyavuş Novruzovun oğlunu söyənlər… –  “Bu, nə əxlaqa sığır, nə də qanuna”

Nə qədər pislənilsə də, sosial şəbəkələrdə təhqir və söyüşü kampaniyaya çevirən qruplar mövcuddur. Bu xoşagəlməz hal ənənəvi tendensiya halını alıb. Adi bir misal.

Gununsesi.org bildirir ki, YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bir neçə gün bundan öncə mətbuatın oğlu ilə bağlı suallarını cavablandırıb. Müsahibənin məğzi qalıb bir tərəfdə, sosial şəbəkələrin bəzi qrupları Siyavuş Novruzovun  məktəbi bu il bitirib məzun olan övladını təhqir və söyüşlə “bəzəyir”.

Gerçəklik bu ki, uşaq hüquqları açıq formada pozulur. Sosial şəbəkələrdə müxtəlif adlar altında təhqirə yol verənlər pozulmuş uşaq hüquqlarının sonrakı mərhələdəki fəsadlarını nə düşünür, nə də görürlər.

Siyavuş Novruzov siyasətçidir. Biz demirik ki, siyasətçiləri hamı sevmək zorundadır. Xeyr, bu doğru deyil. Belə bir məcburiyyət də yoxdur.

Bəs siyasətçini tənqid etmək əvəzinə, təhqir etmək nə dərəcədə doğrudur?

Üstəlik ailə və uşaqları hədəf götürüb qarşı tərəfə söyüş və təhqirlə “atəş açmaq”  qanunvericilik baxımından necə tənzimlənməlidir?

Modern.az mövzuya aydınlıq gətirməyə çalışıb.

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, uşaq hüquqları üstün hüquqlar sırasına daxildir:

“Sosial şəbəkələrə müdaxilə yoxdur”

“Həm beynəlxalq konvensiyada, həm də Azərbaycan qanunvericiliyində uşaqların hüquqlarının müdafiəsi ilə bağlı qanunlar var. Uşaqların hüquqları, mənafeləri qorunmalıdır. Onların tərbiyəsinə, əxlaqına, səhhətinə, sağlamlığına hər hansı mənfi təsir göstərən hallar baş verirsə, mütləq uşaqlar müdafiə olunmalıdırlar. Hətta Ombudsman belə məsələlərlə bağlı müvafiq strukturlara müraciət edə bilər. Sosial şəbəkələr elə bir platformadır ki, hər kəs ora daxil olub istədiyi fikri söyləmək imkanlarına malikdir. Azərbaycanda sosial şəbəkələrə hər hansı  müdaxilə də yoxdur. Əgər hansısa şəxsə münasibətin xoş deyilsə, sərt danışmaq olar, ancaq təhqir etmək, hədələmək doğru deyil”.

“Valideynlər uşaqları üçün idealdır”

Hüquqşünasın sözlərinə görə, bəzi insanlar valideynləri təhqir etdikdə uşaqların həyəcanlana, narahatlıq keçirə biləcəyini hələ də dərk etmir:

“Təhqir və  söyüş  uşaqların inkişafına mənfi təsir göstərir. Hətta belə hallarda uşaqların əlindən xəta  da çıxa bilər. Çünki valideynlər uşaqları üçün ən əziz insanlardır. Kimin valideynlərə necə yanaşmasından asılı olmayaraq, onlar  uşaqları üçün idealdır. Siyasi və digər mübarizəni aparan şəxslərə  tövsiyə edirəm ki, diqqətli olsunlar. Belə etməyin! Sizin də övladlarınız var. Kimisə təhqir etmək yolverilməzdir. Siyasiləri təhqir edərkən onların uşaqlarının psixologiyasının necə zədələndiyini də düşünün. Uşaqlar dostlarını yığıb sizi linç edə bilərlər. Bunu nəzərə almaq lazımdır. Çünki o uşağın əzizlərinə toxunursan. İstənilən söyüş və təhqir uşaqların ciddi psixoloji tarvma almasına gətirib çıxara bilər”.

“Söyüş, təhqir ifadə azadlığı deyil”

Əliməmməd Nuriyev mübarizə aparmağın üsullarından da söz açıb:

“Söyüş və təhqir mübarizə yolu deyil. Həmçinin, təhqir və söyüş cəmiyyətdə düşmənçiliyin dərinləşməsinə, nifrətin aşılanmasına gətirib çıxara bilər. Klaviatura arxasında hansısa fikri söyləmək mümkündür. Amma inanki, həmin insanlar real həyatda cəsarətli deyillər. Çoxları saxta profillər açmaqla “qəhrəman”a çevrilir. Hesab edirəm ki, bütün hallarda bu məsələlərin qanunuvericilik tərəfini düşünmək olar. Saxta adlarla virtual aləmdə insanları təhqir etmək ifadə azadlığı demək deyil. İfadə azadlığı açıq formada fikirləri səsləndirmək deməkdir. Söyüş, təhqir, hədə-qorxu gəlmək ifadə azadlığı üçün meyar deyil. Eyni zamanda, təhqir və söyüş olduğu təqdirdə sosial şəbəkələrin sahiblərinə müraciətlər də vacib məsələlərdir ki  belə yazıların çıxarılması baş versin. Hesab edirəm ki, siyasilərin özləri, ailələri, uşaqları təhqir olunan zaman digər siyasilər buna qarşı birlik nümayiş etdirməlidirlər. Yalnız bu yolla təhqir və söyüşün qarşısını almaq olar”. 

“Qadınlara, uşaqlara qarşı təhqirə rast gəlirik”


Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova da uşaqların təhqir olunmasının yanlış mübarizə üsulu olduğunu xatırladıb:

“Son dövrlərdə sosial şəbəkələrdə hansısa adlarla çıxışlar edilir. Bu cür çıxışlar populist çıxışlardır və real vəziyyəti əks etdirmir. Başqa adlar altında insanlara qarşı söyüş kapmaniyasına başçılıq edənlər onları heç kimin tanımadığını zənn edirlər. Ona görə də belə hallar baş verir. Təəssüf ki, sosial şəbəkələrdə qadınlara, uşaqlara qarşı təhqirlərə rast gəlirik. Ölkədə bu qədər işlər görülür. Ancaq bəziləri rəhbər vəzifədə çalışan şəxslərə, onların ailələrinə, uşaqlarına ləkə yaxmaqla məşğuldurlar. Bu da ürəkağrıdıcı məqamlardır”.

“Bu sualı ayna qarşısında özlərinə versinlər”

Hicran Hüseynova bildirib ki, sosial şəbəkələrdə uşaqları hədəf alan insanlar uşaq hüquqlarını ayaq altına atırlar:

“Uşaqlara qarşı belə münasibət sərgiləmək doğru deyil. Hesab edirəm ki, bu məsələlərə qarşı mütləq ictimai qınaq olmalıdır. Sosial şəbəkələrdə insanların təhqir edilməsi  hallarına rast gələndə dəstək yox, onları qınamaq lazımdır. Düşünürəm ki, bugünkü vəziyətdə birləşməliyik. Dünyada böyük bəla tüğyan edir. Bu bəla ölkəmizdə də var. Hesab edirəm ki, birlik nümayiş etdirməliyik. İnsanları sosial şəbəkələrdə təhqir edib söyənlər özlərinə də sual versinlər: “Mən bir insana  kömək etmişəmmi? İşim ancaq başqalarının ailəsini uşağını təhqir etməkdən ibarətdir, bu yaşayışdırmı?!” 
Başqalarını təhqir edənlər, bu sualları ayna qarşısında özlərinə versinlər və utancverici cavab alacaqlarından əminəm. Unutmasınlar ki, hansısa uşağı təhqir etmək böyük günahdır. Uşaqlar üçün onların valideynləri əvəzolunmazdır”.

Gununsesi.org