Sosial xərcləri 18 faiz ixtisar edilən,  idman xərcləri dəfələrlə artılan riskli büdcə bizə nə vəd edir? -  TƏHLİL

  • By admin
  • 30 Dekabr 2016 12:27

sosial

Dövlət büdcəsi hökumətin iqtisadi siyasətinin güzgüsü hesab olunur. Bu baxımdan 2017-ci il üçün təsdiq olunmuş dövlət büdcəsinin təhlili hökumətin gələn il üçün müəyyən etdiyi və həyata keçirməyə hazırlaşdığı iqtisadi siyasəti qiymətləndirməyə imkan verir. 

İqtisadi Təşəbbüslərə Yardım Ictimai Birliyinin ekspertləri 2017-cı ilin təsdiq edilmiş dövlət büdcəsi ilə bağlı zəruri araşdırma və təhlil işləri aparmaqla  rəyi hazırlayıblar.

Gununsesi.info həmin Rəyin ixtisar olunmuş variantda mühim olan hissələrini oxucuya təqdim edir.

Qeyd edək ki, 2017-cı il dövlət büdcəsinin gəlirlərinin 16255.0 mln. manat olması gözlənilir. Bu, 2015-ci ildə dövlət büdcəsinin faktiki gəlirləri ilə müqayisədə 1243.0 mln. manat (yaxud 7.1 faiz), 2016-cı ilin dövlət büdcəsi gəlirlərinin təsdiq edilmiş proqnoz göstəricisi ilə müqayisədə 567.0 mln. manat (yaxud 3.4 faiz) azdır.

Gələn ilin büdcə gəlirlərində gözləntilər-neftdən asılılıq davam edəcək

Təşkilatın ekspertləri tərəfindən 2017-ci il dövlət büdcəsinin proqnozlaşdırılan gəlirlərinin struktur, müqayisəli və trend təhlili aşağıdakıları ortaya çıxarıb.

  1. Ayrı-ayrı tədiyə növləri üzrə vergi daxilolmalarının məbləği ilə bağlı hökumətin qərarsızlığı müşahidə olunur. Belə ki, 2017-ci ilin dövlət büdcəsinin layihəsi ölkə prezidenti tərəfindən təsdiq olunanadək ayrı-ayrı gəlirlər üzrə proqnozların səviyyəsi 4 dəfə dəyişikliklərə məruz qalıb.: 2017-ci ilin sentyabrında Maliyyə Nazirliyinin ictimaiyyətə təqdim etdiyi büdcə layihəsi ciddi dəyişikliklərə məruz qalmaqla Milli Məclisə təqdim edildi. Layihə MM-in saytında yerləşdirildikdən sonra müzakirələr dövründə yenidən dəyişiklik aparıldı və büdcənin gəlirləri 300.0 mln. manat artırıldı.
  2. 2.  Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertin məbləğinin ixtisar edilməsi siyasəti davam etdirilir. 2017-ci ildə ARDNF-dən dövlət büdcəsinə 6.1 mlrd. manat transfert edilməsi gözlənilir ki, bu da 2016-cı ildə proqnozlaşdırılandan 1.5 mlrd. manat (-19.9 faiz), 2015-ci ildə olan faktiki məbləğdən 2.0 mlrd. manat (-25.0 faiz) azdır. Bu, ARDNF-dən dövlət büdcəsinə 2010-cu ildə edilən transfert məbləğinə (5.9 mlrd. manat) yaxındır və 2011-ci ildən sonra qeydə alınan ən aşağı göstəricidir. 2017-ci ildə ARDNF-dən transfertin dövlət büdcəsinin gəlirlərinin formalaşmasındakı payı 37.5% olacağı gözlənilir ki, bu da təqribən 2008-ci ilin analoji göstəricisinə (35.3%) yaxındır. Qeyd edək ki, 2009-cu ildən sonrakı dövrdə Neft Fondunun transfrtinin dövlət büdcəsinin gəlirlərində payı hər zaman 40 faizdən yüksək olub.Hökumət ARDNF-dən dövlət büdcəsinə transfertin məbləğinin azaldılması siyasətini növbəti illərdə də davam etdirəcəyini bəyan edib.
  3. 3. Dövlət büdcəsi gəlirlərinin formalaşmasında neft sektorundan birbaşa daxilolmaların məbləği və payı azalmaqda davam edir, lakin 2017-ci ildə büdcə gəlirlərinin yarıdan çoxu yenə də neft sektorunun payına düşəcək. ARDNF-dən dövlət büdcəsinə transfertin məbləği azalsa da, 2017-ci ildə SOCAR və xarici neft şirkətlərinin dövlət büdcəsinə vergi ödənişlərinin məbləğinin 2016-cı ilin proqnozu ilə müqayisədə bir qədər (müvafq olaraq, 40.0 mln. və 105.0 mln. manat) artması proqnozlaşdırılır. (Bu, 2017-ci ilin dövlət büdcəsi proqnozlarının neftin dünya bazar qiymətinin 1 barel üçün 40 ABŞ doları əsasında hesablanmasına görədir). Maliyyə Nazirliyinin məlumatına əsasən 2017-ci ildə dövlət büdcəsi gəlirlərinin 7855.0 mln. manatı yaxud 48.3 %-i neft sektorundan daxilolmalar hesabına formalaşacaq. Lakin araşdırmalarımız göstərir ki, bu göstəricilər dövlət büdcəsi gəlirlərinin formalaşmasında neft sektorunun rolunu tam əks etdirmir. Maliyyə Nazirliyi HPBS-lər üzrə xarici və yerli subpodratçı şirkətlərin mənfəət vergisini, HPBS-lər üzrə podratçı və subpodratçı təşkilatlarda, habelə SOCAR-da muzdlu işlə əlaqədar əldə edilən gəlirlərdən tutulan gəlir vergisini neft sektorundan daxilolmalara aid etmir. Halbuki bu mənbələr neft sektorunun dövlət büdcəsinə birbaşa töhfəsini əks etdirir. Məsələn, Maliyyə Nazirliyi 2017-ci ildə HPBS-lər üzrə xarici subpodratçı şirkətlərin mənfəət vergisinin 274.9 mln. manat, HPBS-lər üzrə podratçı və subpodratçı təşkilatlarda muzdlu işlə əlaqədar əldə edilən gəlirlərdən tutulan gəlir vergisinin 310.9 mln. manat olmasını proqnozlaşdırır. Əgər bu vəsaitlər də nəzərə alınarsa, onda 2017-ci ildə dövlət büdcəsinə neft sektorundan daxilolmaların məbləği 8440.8 mln. manat olar ki, bu da büdcə gəlirlərinin 51.9 %-i deməkdir.  Təbii ki, bu da büdcə gəlirlərində neft sektorunun rolu üzrə son illərin ən aşağı göstəricisidir.
  4. Vergi Məcəlləsində aksiz vergisinə cəlb olunan mallaırn siyahısının genişləndirilməsinə və bəzi mallar üzrə aksiz dərəcələrinin artırılmasına baxmayaraq 2017-ci ildə aksizlər üzrə daxilolmaların azalması proqnozlaşdırılır. 2017-ci ildə dövlət büdcəsinə aksiz vergisi üzrə daxilolmaların 608.0 mln. manat olması gözlənilir ki, bu da 2016-cı ilin proqnozu ilə müqayisədə 29.0 mln. manat yaxud 4.6%, 2015-ci ildəki faktiki məbləğdən 39.8 mln. manat yaxud 6.1% azdır. Azalma həm idxal malları üzrə (15 mln. manat), həm də ölkədə istehsal olunan mallar (14 mln. manat) üzrə gözlənilir. bu, aksizli malların idxalnın və istehlakının azalmasına əlalət edir;
  5. Dövlət büdcəsinin 3 əsas vergi növü üzrə daxilolmalar proqnozunun artırılması ilə bağlı yetərincə izahat yoxdur. Bunlardan biri  2017-ci ildə dövlət büdcəsində fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların 1168.0 mln. manat olması gözlənilir ki, bu da 2016-cı ilin proqnozu ilə müqayisədə 88.0 mln manat yaxud 8.1%, 2015-ci ilin faktiki göstərici ilə müqayisədə 185.5 mln. manat yaxud 18.9 faiz çoxdur. Hökumət bunu son dövrlərdə iqtisadiyyatda yeni iş yerlərinin açılması və orta aylıq əmək haqqının artımla proqnozlaşdırılması ilə izah edir. 2015-ci ildən başlayaraq ölkədə iqtisadi artım templərinin aşağı düşdüyü və böhran proseslərinin dərinləşməkdə davam etdiyi bir şəraitdə bu tədiyə növü üzrə daxilolmaların belə artımının proqnozlaşdırılması başa düşülən deyil. Araşdırmalar göstərir ki, ölkədə iqtisadi artımın müşahidə olunduğu 2012-ü ildə bu tədiyə növü üzrə dövlət büdcəsinə daxilolmalar əvvəlki illə müqayisədə 14.0%, 2013-cü ildə 5.7% və 2014-cü ildə 13.6% artdığı, habelə 2015-ci ildə bu tədiyə növü üzrə artımın cəmi 0.2% olduğu halda, 2017-ci ildə belə yüksək artım göstəriciləri real görünmür.

Digəri əlavə dəyər vergisi və hüquqi şəxslərin mənfəət (gəlir) vergisi ilə bağlı proqnozlaşdırılan artımları, xüsusilə büdcə layihəsi Milli Məclisin müzakirələrinə təqdim ediləndən sonra bu tədiyə növləri üzrə daxilolmalar proqnozunda olan mühüm artımları hökumət qeyri-neft ÜDM-nin artması və vergi Məcəlləsində edilən dəyişikliklərlə izah edir. Lakin bu artıma gətirib çıxaracaq amillər və onların hər birinin təsir dərəcəsi qiymətləndirilməyib. Habelə manatın məzənnəsinin dəyişilməsi və qiymətlərin artması kimi proseslərin bu artımlarda rolu ilə bağlı heç bir qiymətləndirmə yoxdur;

  1. Sadələşdirilmiş vergi üzrə  büdcə daxilolmalarının sürətlə artması proqnozlaşdırılır. 2017-ci ildə sadələşdirilmiş vergi üzrə büdcəyə daxilolmalar 344.0 mln. manat proqnozlaşdırılır ki, bu da 2016-cı ilin proqnozundan 44.0 mln. manat yaxud 14.7%, 2015-ci ildə qeydə alınan faktiki məbləğdən 176.0 mln. manat yaxud 2 dəfə çox deməkdir. Bu tədiyə növü üzrə daxilolmaların belə sürətli artımı bu vergiyə cəlb edilən vergi ödəyicilərinin siyahısının genişləndirilməsi ilə izah olunur;
  2. Dövlət büdcəsinin yerli gəlirlərin azalması tendensiyası davam edir. Dövlət büdcəsinin tərkib hissəsi olan yerli gəlirlər 2017-ci ildə dövlət büdcəsində 620.3 mln. manat proqnozlaşdırılır ki, bu da 2016-cı ilin müvafiq göstəricisi ilə müqayisədə 146.0 mln. manat yaxud 19.1%, 2015-ci ilin proqoz göstəricisindən isə 214.2 mln. manat yaxud 25.7% azdır. Hökumətin büdcə-vergi siyasətinin əsas istiqamətlərindən biri kimi ölkənin şəhər və rayonları üzrə yerli gəlir və xərclərin tarazlaşdırılması üçün həmin ərazilərdə faktiki fəaliyyət göstərən ödəyicilərin vergiləri hesabına maliyyə yardımının (dotasiyanın) azaldılması istiqamətində işlərin davam etdirildiyi, habelə son illər ölkənin regionlaırnda çoxsaylı istehsal və xidmət müəssisələrinin yaradıldığı bəyan edildiyi bir şəraitdə dövlət büdcəsinin yerli gəlirlərinin azalma ilə proqnozlaşdırılması başa düşülən deyil. Dövlət büdcəsində hər bir rayon üzrə yerli gəlirlərin tədiyə növləri üzrə açıqlanmasının verilməsi belə suallara aydınlıq gətirə bilər;
  3. Dövlət müəssisələrinin büdcə öhdəlikləri barədə detallı məlumatlar yoxdur və s.

 

Büdcə xərclərində qeyri-şəffaflıq artıb

 

Büdcə xərcləri siyasəti üzrə müşahidə olunan əsas meyllər isə bunlardır:

  1. Hökuumət son onillikdə müntəzəm olaraq büdcənin sosial yönümlülüyünün onun üçün əsas prioritetlərdən biri olduğunu vurğulayıb. 2017-2020-ci illər üzrə büdcə siyasətinin əsas istiqamətlərində qeyd edilir ki, maliyyə məhdudiyyətlərinə baxmayaraq sosial öhdəliklər və sosial proqramların qorunub saxlanması  hökumətin başlıca hədəfləri sırasındadır.  Lakin əvvəlki ilin proqnoz göstəricisi ilə müqayisədə 2017-ci ildə sosial sektorun mühüm istiqamətlərinin hər biri üzrə xərclərin əhəmiyyətli dərəcədə azalması müşahidə edilir.

-Təhsil xərcləri 1.736 mlrd. manat səviyyəsində proqnozlaşdırılır ki, bu ötən ilə nisbətən 96.8 mln. manat və ya 5.3% azdır.

-Səhiyyə bölməsi üzrə xərclər 745.4 mln. manat səviyyəsində proqnozlaşdırılır ki, bu ötən ilə nisbətən 85.4 mln. manat və ya 10.3% azdır.

-Sosial müdafiə və təminat bölməsi üzrə  xərclər 2. 253 mlrd. manat nəzərdə tutulub ki, bu da 2016-cı illə müqayisədə 445.8 mln. manat və ya 16,5% azdır.

Ümumilikdə əvvəlki illə müqayisədə 2017-ci ilin büdcə layihəsində bu 3 aparıcı sosial istiqamət üzrə xərclərin ixtisar olunan məbləği 827.9 mln. manat və  ya orta hesabla 18.3% təşkil edir. Həmin xərclərin  dövlət büdcəsində payı 28% səviyyəsində proqnozlaşdırılır, 2016-cı il üzrə isə bu göstərici 29% təşkil edirdi.

  1. 2. Büdcə təşkilatlarının büdcədənkənar xərclərində əhəmiyyəti artım müşahidə edilir. 2017-ci ildə büdcə təşkilatlarının büdcədənkənar vəsaitləri üzrə xərcləri 353,0 mln. manat proqnozlaşdırılmışdır ki, bu da 2016-cı illə müqayisədə 48,0 mln. manat və ya 15,7 faiz çoxdur. Ümumdövlət xidməti funksional istiqaməti üzrə büdcədənkənar xərclərin daha yüksək templə artımı gözlənir. Belə ki, bölmə üzrə 120.7 mln. manat büdcədənkənar xərc nəzərdə tutulub ki, bu da 2016-cı ilin göstəricisindən 34.6 mln. manat (40.1%) çoxdur. Bu vəziyyət onu göstərir ki, hökumət büdcənin imkanlarının məhdudlaşdığı şəraitdə büdcə təşkilatlarına müstəqil maliyyə mənbələrindən gəlirlərin genişlənməsində, xərc ehtiyaclarının qarşılanmasında bu mənbələrin payının artırılmasında maraqlıdır.
  2. 3. Dövlət büdcəsi xərclərinin ifrat səviyyədə mərkəzləşməsi baş verir. Əvvəlki ilin proqnoz göstəriciləri ilə müqayisədə 2017-cı ilin yerli xərclər 852.4 mln. manat və ya 2.2 dəfə azalıb.2017-ci ilin proqnozuna əsasən, yerli xərclərin ümumi büdcə xərclərində payı 4.1% təşkil edəcək.  Halbuki 2016-cı il üzrə həmin göstərici 8.3% müəyyən edilib.

Xərclərin mərkəzləşməsinin əsas səbəb budur ki, hökumət təhsil, mədəniyyət-incəsənət sektoru kimi bir sıra mühüm sahələr üzrə rayon idarələrini ləğv edir, regional strukturlar yaradır. Azərbaycanın ərazi bölgüsü haqda qanuna görə isə regional səviyyəli büdcə sərəncamçısı yoxdur və onların fəaliyyəti üçün tələb edilən vəsaitlərin həcmi müvafiq mərkəzi hakimiyyət orqanları vasitəsilə paylanır.

  1. 4. Ölkənin müdafiəsi ilə bağlı xərcləmələr hökumətin 2 əsas prioritetindən birinə çevrilib. 2007-2016-cı illərdə həmin göstərici 7.7-13% intervalında dəyişilmişdir. 2017-ci ilin xərc proqnozlarına görə isə müdafiə funksional bölməsi üzrə xərclərin dövlət büdcəsinin ümumi məxaricində xüsusi çəkisi 15.6% səviyyəsində nəzərdə tutulur.
  2. 5. Büdcə investisiyalarının həcmi və ümumi xərclərdə payı sürətlə azalır. 2017-cü ildə dövlət büdcəsində investisiya xərcləri 2.521 mlrd. manat səviyyəsində proqnozlaşdırılır ki, bu ötən ilə nisbətən 503.6 mln. manat və ya 16.6% azdır.

2017-ci ildə büdcə investisiya vəsaitlərinin təxminən yarısı – 1.233 mlrd. manatı 5 iri dövlət şirkətinə ayrılacaq. Dövlət Neft Şirkətinə 617.3 mln. manat, “Azəravtoyol” ASC-ə 290.4  mln. manat (2016-da 122.1 mln), Dövlət Dəmir Yolları QSC-ə 130 mln. manat (175.2), Nəqliyyat Nazirliyinə 100 mln. manat (70 mln) və “Azərsu” ASC-ə 95 mln. manat vəsait yönəldilməsi proqnozlaşdırılır.

  1. 6. Dövlət borclarının ödənilməsilə bağlı xərclərin büdcədə payı yüksək olaraq qalır.  2017-ci ildə dövlət borclarına xidmət xərclərinə ödənilməsinə büdcədən 1.641 mlrd. manat vəsait ayrılması nəzərdə tutulur. Bu 2016-cı ilin göstəricisindən 5.7% və ya 100 mln.manat azdır. Xərclərin mütləq ifadədə məbləği azalsa da, büdcənin ümumi məxaricində xüsusi çəkisi artıb. Belə ki, 2017-ci ildə dövlət borcuna xidmət xərcləri büdcə xərclərinin 9.7%-ni təşkil edəcək. Bu son 10 illikdə ən yüksək göstəricidi.
  2. Elmin inkişafı üçün büdcə dəstəyinin həcmi azalıb. Bölmə üzrə xərclərin 4.2%-ni və ya 118.5 mln. manatını elm xərcləri təşkil edir. Bu əvvəlki ilə nisbətən 16.7 mln. manat və ya 12.3% azdır. 2014 və 2016-cı illərdə elm xərcləri bir qədər artırılsa da, 2017-ci il üçün proqnozlaşdırılan məbləğ 2012-2013-cü illərdəki səviyyəyə enib.  Elm xərclərinin növbəti ilin büdcəsində xüsusi çəkisi 0.7%-dən də aşağıdır. Dünyanın inkişaf etmiş ölkələrindəbu göstəricinin 2-3% intervalında olduğunu nəzərə alsaq, Azərbaycanın anoloji göstəricisi kifayət qədər aşağıdır.
  3. Hüquq-mühafizə orqanlarının saxlanması xərclərinin artımı hökumətin prioritetləri sırasında olub. 2017-ci ilin dövlət büdcəsində “hüquq-mühafizə” köməkçi bölməsi üzrə xərclər 927.5 mln. manat proqnozlaşdırılır ki, bu əvvəlki ilin anoloji göstəricisindən 64.6 mln. manat və ya 7.5% çoxdur.
  4. Büdcə sektoru üzrə əmək ödənişi xərclərinin artımı ölkədə inflyasiya səviyyəsinə adekvat deyil. Hökumət 2016-ci ildə ölkədə ikirəqəmli inflyasiya (12.1%) gözləyir, 2017-ci il üzrə 7.3% proqnozlaşdırır. Amma ayrı-ayrı sahələr, xüsusilə sosial sektor üzrə əmək ödənişi xərclərinin artımı inflyasiya səviyyəsindən xeyli aşağıdır. Məsələn, təhsil xərclərinin 1.247 mlrd. manatı əmək haqqı xərcləri üçün nəzərdə tutulub ki, bu əvvəlki ilin göstəricisindən 18 mln. manat və ya 1.5% çoxdur.  Səhiyyə bölməsi üzrə 385.9 mln. manatı (51.7%-i) əmək haqqı xərclərinə yönəldiləcək ki, bu əvvəlki ilə nisbətən 10.6 mln. manat və ya 1.3% çoxdur.
  5. 1 İdman tədbirlərinin maliyyələşdirilməsi hökumətin önəm verdiyi xərc istiqamətləri sırasında olub. Son illər Azərbaycanın beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi büdcənin idman sektoru ilə bağlı xərclərini artırıb. 2017-ci ildə mədəniyyət, incəsənət və idman funksional istiqaməti üzrə “idman” köməkçi bölməsinə əvvəlki ilə nisbətən 11.5 dəfə və ya 400 mln. manat az vəsait ayrılsa da, investisiya bölməsində idman layihələrinin maliyyələşdirilməsi üçün vəsaitlər təxminən 100 dəfə və ya 327 mln. manat artırılıb. Ümumilikdə 2017-c ilin büdcəsində idmana ayrılan xərclər 368 mln. manat səviyyəsində müəyyən edilib ki, bu əvvəlki ilə nisbətən 16.5% və ya 73 mln. manat azdır.
  6. Büdcə vastəsilə iqtisadi inkişafın dəstəklənməsi imkanları xeyli məhdudlaşdırılıb. 2017-ci ildə “İqtisadi inkişaf” bölməsi üzrə xərclər 191.5 mln. manat səviyyəsində proqnozlaşdırılır ki, bu ötən ilə nisbətən 168.5 mln. manat və ya 46,8% azdır. 2017-ci ilin büdcə layihəsində “İqtisadi fəaliyyət” bölməsinin xərclərinin dövlət büdcəsinin ümumi xərclərində xüsusi çəkisi 1,2% səviyyəsindədir, lakin əvvəlki ildə isə 1.9% təşkil edir.  Sahibkarlığa Kömək Milli Fonduna, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinə, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fonduna ayrılan xərclər tamamilə kəsilib.

Kənd təsərrüfatı bölməsi üzrə xərclər 517.4 mln. manat səviyyəsində proqnozlaşdırılır ki, bu ötən ilə nisbətən 167 mln. manat və ya 24.4% azdır.

Doğrudur, investisiya bölməsində kənd təsərrüfatına ayrılan vəsaitlərdə 154 mln. manat artım var. Lakin 2016-cı ildə kənd təsərrüfatı və tikinti funksional bölmələr üzrə birlikdə 761 mln. manat təşkil etdiyi halda, 2017-ci il üzrə həmni xərclərin həcmi 747 mln. manat proqnozlaşdırılır. Göründüyü kimi, növbəti ildə büdcədən aqrar sektorun inkişafı ilə bağlı xərclərin həcmi 14 mln. manat və ya 1.8% azalma ilə proqnozlaşdırılır.

  1. 1 Büdcə kəsiri əhəmiyyətli dərəcədə azalıb. 2017-ci ildə dövlət büdcəsinin kəsiri 645 mln. manat və ya növbəti il üçün proqnozlaşdırılan ÜDM-nin 1% səviyyəsində gözlənilir. Bu göstərici 2012-ci ildən sonra ən aşağı səviyyədir.

Rəyə görə, 2017-ci ilin dövlət büdcə layihəsində xərclərin şəffaflığı baxımınndan da xeyli problemlər müşahidə edilir. Büdcə xərcləmələrinə münasibətdə şəffaflıq bütün xərclərin həcmi, strukturu, son təyinatı və istiqamətləri ilə bağlı informasiyalarının ictimaiyyət üçün açıqlığını, təqdim edilən göstəricilərin tam analaşılan olmasını ehtiva edir. Son illərdə büdcə xərclərinin strukturunda “digər xərclər” maddəsinin payının yüksək olması xərcərin şəffaflığı baxımından müntəzəm olaraq narahatlıqlar doğurub. Lakin 2017-ci ilin büdcə layihəsində “digər xərclər” maddəsi üzrə vəsaitlərin həcmi əvvəlki ilə nisbətən 1.4 mlrd. manat və ya 2.2 dəfə azaldılaraq 1.360 mlrd. manata endirilib. Növbəti ilin büdcəsində bu xərclərin cəmi büdcə məxaricində payı 7.6% səviyyəsində proqnozlaşdırılır, lakin 2016-cı il üzrə həmin göstəricisi 14.9% təşkil edir.

2017-ci ilin dövlət büdcəsi proqnozunun, habelə büdcə prosesinin təhlili və qiymətləndirilməsi  əsasında belə bir qənaətə gəlinir ki, gələn ilin dövlət büdcəsinin icrası böyük risklərlə müşayiət olunacaq. Ölkədə iqtisadi islahatların necə həyata keçirilməsindən, ölkədə maliyyə sabitliyinin təmin edilməsi dərəcəsindən, bank sektorunda vəziyyətin normallaşdırılmasına nail olunmasından, ölkədə sahibkarlıq və investisiya mühitinin yaxşılaşdırılması durumundan, habelə dövlət maliyyə idarəetməsində şəffaflığın və səmərəliliyin artırılması istiqamətində atılacaq addımlardan asılı olaraq dövlət büdcəsinin icrası vəziyyəti fərqli nəticələrə gətirib çıxara bilər.

2017-ci ilin dövlət büdcəsi proqnozunun, habelə büdcə prosesinin təhlili əsasında İTY İB-nin ekspert qrupu növbəti illərdə dövlət büdcəsinin proqnozlaşdırılması və dövlət maliyyəsinin idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində aşağıdakıları təklif edir:

Vüsalə RÜSTƏMOVA

Gununsesi.info