Sovet ənənələrinə sadiq qalan yerli icra hakimiyyətləri və ya ölümə yol saçan pambıq - MÜRTƏZA BÜNYADLI YAZIR

  • By admin
  • 28 Oktyabr 2017 13:30

Sentyabr ayından etibarən Azərbaycanda pambıq – “ağ qızıl” yığımına başlanılıb. Pambıq yığımı zamanı yerli icra hakimiyyəti orqanları qanunvericiliyə zidd olaraq yenə də sovet dönəmindəki ənənələrinə sadiq qalaraq büdcə təşkilatlarında çalışan insanları cəlb etməklə məşğuldurlar.

Yerli icra hakimiyyəti orqanları ölkə başçısının qeyri-neft sektorunun inkişafı ilə yürütdüyü siyasətə kölgə salan yerli icra hakimiyyəti orqanları köhnə ənənələrindən hələ də xilas ola bilmirlər. Və nəticədə yerli icra  hakimiyyəti orqanlarının uğursuz fəaliyəti əhali arasında haqlı narazığa yol açır. Bu narazılıqda ondan ibarətdir ki, yerli icra hakimiyyəti orqanları pambıq yığımı zamanı qanunvericiliyə zidd olaraq bölgələrdə büdcə təşkilatlarında çalışanları, həmçinin əhalini zorla pulsuz əməyə cəlb edirlər. İnsanları qanunsuz olaraq pambıq yığımına cəlb etmək bir yana, bu əməyə cəlb olunan insanların həyatına kimsə zəmanət verə bilmir. Artıq son iki ayda pambəq sahəsində qanunsuz əməyə cəlb olunan insanları daşıyan maşınlar qəzaya düşüb. Bu qəzalar nəticəsində xeyli sayda insan yaralanıb. Bunlar arasında eləsi var ki, ömürlük şikəst qalacaq. Və kimsəni onların gələcək taleyi maraqlandırmayacaq.

Elə oktyabrın 27-də Gornaboy rayonunda baş verən yol qəzasında pambıqçıları daşıyan avtomobil qəzası bunun bariz göstəricisidir. Belə ki, Goranboyda pambıq sahəsindən pambıqçıları daşıyan avtobus qəzaya düşüb və nəticədə 20-dən artıq insan müxtəlif dərəcəli xəsarət alıb. Bu insanlar Goranboy rayonun Şəfəq və Qaraçınar kənd sakinləri olub. Bəzi məlumatlara görə, qəzaya düşən avtobusda 63 nəfər olub. Onlar rayonun Qaraçinar və Şəfəq kənd uşaq bağçalarının işçiləri olub.

Goranboy rayonunda bu, ilk fakt deyil. Hələ pambıq əkini zamanı bu rayonda qanunazidd hadisələr qeydə alınıb. Pambıq əkini aqrotexniki qaydalara uyğun aparılmadığından və əkin sahələrinin vaxtında suvarılmaması nəticəsində xeyli sahədə pambıq sahəsi məhv olmuşdu.

Bu nə ilk, nə də son faktdır. Bundan öncə Göyçay rayonunun Mərkəzi Xəstəxanasının işçiləri zorla pambıq yığımına cəlb edilib. Bu faktı Göyçay rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Ləman Hacıyeva mətbuata açıqlamasında təsdiqləyib. Bildirib ki, rayon rəhbərliyinin göstərişinə əsasən səhiyyə işçiləri pambıq yığımına kömək ediblər: “Rayonun icra başçısı tərəfindən təklif irəli sürüldü ki, pambıq yığımına bütün müəssisələr tərəfindən kömək edilsin. Çünki güclü yağışlar başladığından pambıq vaxtında yığılmasa, məhsul xarab olacaq. Bu səbəbdən digər kollektivlər kimi biz də kömək etdik. Həkimlər və tibb işçiləri pambıq yığımına getməyib. Aşağı vəzifəli tibb işçiləri köməyə cəlb olunub. Onlar iş vaxtından əlavə pambıq yığmağa gediblər”. Rayon rəhbərliyinin göstərişinə əsasən pambıq yığımına büdcə təşkilatları işçilərinin zorla cəlb edilməsi faktı Zərdab rayonunda da qeydə alınıb.

Azpolitika.info-nun verdiyi xəbərə görə, oxşar hadisə Zərdab rayonunda da baş verib. Səhər işə gedən büdcə təşkilatlarının işçilərindən təcili pambıq yıgımına getmələri, yıgıma getməyənlərin də işdən azad olunacaqları bildirilib. “İşçilərin çoxuna paltarını dəyişməyə belə imkan verilməyib, maşınlara basıb tarlalara aparıblar. Daha sonra isə icra hakiminin müavinləri Pərvin və Rəhman adlı şəxslər tarlada işləyənlərin sayını yoxlayıb. İşçilərə də tapşırığın Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev tərəfindən verildiyi bildirilib”, -deyə mənbə bildirib. Qeyd edək ki, belə faktlar digər rayonlarda da olub.

Sentyabr ayının 19-da isə Biləsuvarda xəstəxana işçiləri pambıq yığımından qayıdan zaman ağır yol nəqliyyat hadisəsi keçiriblər. Belə ki, Biləsuvar Mərkəzi Xəstəxanasının texniki işçiləri pambıq yığımından qayıdan zaman onları gətirən avtomobil kanala yuvarlanıb. Məlumatlara görə, maşında olan 20 nəfərin hamısı müxtəlif tipli bədən xəsarətləri alıb. Onlardan 4 -ü yügül xəsərat aldığı üçün ilkin tibbi yadım göstərildikdən sonra evə buraxılıb. 16 nəfərin vəziyyətinın ağır olduğu bildirilir. Hadisəni Biləsuvar Rayonu Mərkəzi Xəstəxanasından təsqdiqləyiblər. Xəstəxanadan verilən məlumata görə, yaralılar arasında ölən olmayıb: “Yaralılardan birinin vəziyyəti ağırdır. Hazırda reanimasiya şöbəsindədir. Digər bir nəfərin vəziyyəti də bir qədər ağırdır. Palataya köçürülüb, müalicəsi davam edir. Xəsarət alanların bəziləri evə buraxılıb. Bəzi yaralıların isə müalicələri davam etdirilir”.

Bütün bu sadalanan faktlar yerli icra hakimiyyət orqanlarının müasir dövrün tələblərinə uyğun yox, yendə inzibati amirənəlik prinsipinə əsaslanaraq, yəni qanun şah deyil, şahın qanun olduğunu əsas götürərək fəaliyyət göstərirlər. Bu isə həm Azərbaycan Konstitusiyasının, həm də digər qanunvericiliyin kobud surətdə pozulması deməkdir.

Bir çoxları hesab edə bilər ki, payız fəsli və havaların yağıntılı keçdiyinə görə yerli icra hakimiyyəti orqanları strateji məhsul olan pambığın itkisiz yığılmasına çalışır. Kimsə pambığın qısa zamanda və itkisiz yığılmasına etiraz etmir. Sadəcə bunu qanunauyğun şəkildə vətəndaşları pullu əməyə cəlb etməklə edilməlidir. Daha qanunvericliyə zidd olaraq insanları pulsuz əməyə cəlb etməklə olmaz. Bu isə bir daha yerli icra hakimiyyəti orqanları işbazlarla əlbir olub, sadə yolla varlanma yolunu seçdiklərini deməyə əsas verir.

Məsələ ilə bağlı Gununsesi.info-ya açıqlama verən hüquqşünas Müzəffər Baxış isə bildirdi ki, rayonlarda “kiçik padşah”lar öz nüfuzlarını qaldırmaq, yuxarı orqanlar qarşısında özünü işlək rəhbər kimi göstərmək üçün belə qanunsuz yollara əl atırlar: “Bu qanunsuz əməlləri rayon icra başçıları həyata keçirirlər. Sovetlər dövründə Azərbaycanda belə hallar çox olub. SSRİ dövründə təkcə dövlət işçilərini deyil, kəndlərdə yaşayan sakinləri də zorla maşınlara doldurub, pambıq, tütün və digər kənd təsərrüfatı məhsullarının yığımına aparırdılar. Bütün bunlar qanunvericiliklə ziddiyyət təşkil edir. Əgər kimisə məcburi şəkildə müəyyən işə cəlb edirlərsə, bu məcburi əmək hesab olunur. Bu da bizim konstitusiya ilə qadağan olunur. Cinayət Məcəlləsinin 144.1-ci maddəsində məcburi əməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Əgər icra başçılarının məcburi şəkildə dövlət müəssisələrində çalışan şəxsləri məcburi əməyə cəlb etmələri barədə xəbərlər təsdiqini tapsa, o zaman həmin icra başçıları barəsində Cinayət Məcəlləsinin 144-1, 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 309.2-ci maddəsi ilə cinayət işi başlamalıdır. Həmin icra başçıları cinayət məsuliyyətinə cəlb olunmalıdır. Əgər hansısa bir sahibkar elan etsə ki, könüllü qaydada kimsə pambıq yığımında iştirak etsə, müəyyən məbləğdə əmək haqqı ödəyəcək, o zaman bu təklifə razılaşan şəxs harada işləməsindən asılı olmayaraq qanunsuz əməklə məşğul olmur. Yığdığı pambığa görə sahibkar imzaladığı xidmət müqabilinin əvəzində əmək haqqı ödəyir. Bütün məcburi hallar Cinayət Məcəlləsinin 35 və digər maddələri ilə cinayət məsuliyyəti yaradır”.

Mürtəza Bünyadlı

Gununsesi.info