Sovet maşınları ilə taksi fəaliyyəti göstərmək qadağan edilir – YENİLİK

  • By admin
  • 12 İyun 2016 10:49
sovet
Sovet maşınları ilə taksi fəaliyyəti göstərmək qadağan edilir – YENİLİK
20:11 – 03 İyun, 2016

“Tezliklə bütün dayanacaqlarda avtobusların hərəkəti nizama salınacaq”…

 

“Əvvəlcə taksilərin dayanacaq məsələsi həll edilməlidir”…

 

“Hazırda Bakıda 79 taksi dayanacağı var, əlavə 100 dayanacaq da yaradılacaq”…

 

“Xüsusi sertifikat almış və təlim keçmiş şəxslər taksi fəaliyyəti ilə məşğul ola biəcəklər”…

 

“Taksidə dövlət büdcəsinə daxil olan vergi tutumu aylıq 18 manatdır”…

 

“Keçmiş Sovetlər Birliyində istehsal olunan nəqliyyat vasitələri birmənalı şəkildə taksi fəaliyyəti göstərə bilməz”…

 

 

 

Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, Bakı Nəqliyyat Agentliyinin səlahiyyətli nümayəndəsi, taksi fəaliyyətinin planlaşdırılması şöbəsinin müdiri Əmrah Cəfərov deyib.

 
Əmrah Cəfərov tezliklə Bakıdakı bütün avtobus dayanacaqlarında hərəkətin nizama salınacağını deyib: “Hal-hazırda Bakı Nəqliyyat Agentliyinin (BNA) gördüyü işlərdən biri Koroğlu metrosunda yaradılan “xab”dır. Burada marşrutların istiqamətini göstərən tablolar var, avtobuslar orda dayanır. Bakı Nəqliyyat Agentliyinin rəhbərliyi tərəfindən bu işin Bakı şəhərində layihə şəklində genişləndirilməsi nəzərdə tutulur. Qısa müddət bütün sərnişin narazılıqları aradan qaldırılacaq. Əvvəl Koroğlu metrostansiyasının qarşısından Heydər Əliyev prospektinə çıxmaq mümkün deyildi. Dayanacaqların yeri məlum deyildi”.
 

Qonaq taksi fəaliyyəti sahəsində nəzərdə tutulan yeniliklər barədə məlumat verib: “Taksilərin fəaliyyəti məsələsi daim BNA-nın gündəmindədir, bu barədə geniş müşavirə keçirilib, artıq bu sahə xüsusi layihə ilə tənzimlənəcək. Bunun üçün əvvəlcə taksilərin dayanacaq məsələsi həll edilməlidir. Hazırda Bakı şəhərində qanuni fəaliyyət göstərən 79 taksi dayanacağı var, onlar da pis vəziyyətdədir. Xüsusi komissiya yaradıldı və Bakı şəhərinin müxtəlif yerlərində baxışlar keçirildi, taksilərin pərakəndə şəkildə dayandığı yerlər müəyyən edildi. Komissiyanın rəyinə görə, bu 79 dayanacaqdan əlavə, 100 dayanacağın fəaliyyəti üçün real şərait var. İlk növbədə, məqsədimiz taksilərə şərait yaratmaq, sonra isə qanuna müvafiq şərtləri onlardan tələb etməkdir. Taksilərin günün tələbinə uyğun olmalıdır”.

 

 

Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi taksi fəaliyyəti ilə məşğul olanlar üçün xüsusi təlimlərin keçiləcəyini deyib: “Taksi sürücülərinə sərnişinlərlə etik davranış qaydalarını öyrətmək üçün xüsusi müəllimlər dərs keçəcək. Peşəkarlıq qaydaları öyrədildikdən sonra sertifikatlar veriləcək ki, ondan sonra fəaliyyət göstərə biləcəklər. Hazırda taksi fəaliyyəti ilə məşğul olanların çoxu fiziki şəxslərdir. Artıq taksi fəaliyyəti ilə məşğul olmaq istəyənlər BNA-ya müraciət edəcək, 5-10 gün müddətində təlim keçdikdən sonra, sonra sürücünün nəqliyyat vasitəsi yoxlanılacaq, sertifikat veriləndən sonra sürücü “ASAN” Xidmətdə Dövlət büdcəsinə müvafiq rüsumu ödəyib, taksi dayanacaqlarında fəaliyyət göstərəcəklər. Sertifikat alan minik avtomobili xüsusi tanınma nişanı ilə, taksimetrlə təchiz olunacaq. Sərnişin taksidə əyləşəndə sürücünün adı-soyadı, maşının markası barədə məlumat olan qeydi görəcək. Sərnişindaşıma qaydalarına görə, avtobusda oturacaq yerlərinə görə vergi ödənilir. Amma taksidə dövlət büdcəsinə daxil olan vergi tutumu aylıq 18 manatdır. Taksi sürücüləri bu rüsumu “ASAN” Xidmətdə ödəyə biləcək”.

 

 

Əmrah Cəfərovun sözlərinə görə, artıq müəyyən maşın markaları taksi fəaliyyəti ilə məşğul ola bilməyəcək: “Keçmiş Sovetlər Birliyində istehsal olunan nəqliyyat vasitələri birmənalı şəkildə taksi fəaliyyəti göstərə bilməz. Son zamanlar onların sayı çoxalıb. İstər BNA səlahiyyətinə, istərsə də İnzibati Xətalar Məcəlləsinə və Nazirlər Kabinetinin qərarına əsasən sovet istehsalı olan maşınlar taksi fəaliyyətindən kənarlaşdırılacaq, əks təqdirdə onlar barədə Daxili İşlər Nazirliyi və Vergilər Nazirliyinə təqdimatlar olacaq, məsələ məhkəməyə qədər gedib çıxacaq. Nəzarət qrupu yaradılacaq, ilkin xəbərdarlıqdan sonra müvafiq tədbirlər görüləcək”.

 

 

Qonaq həm ictimai nəqliyyat, həm də taksi fəaliyyəti ilə bağlı narazılıqların aradan qaldırılması üçün sərnişinləri də diqqətli olmağa çağırıb: “İctimai qınağın özü də bir dərsdir. Bəzən vətəndaş sürücünü dayanacaqdan kənarda saxlamağa məcbur edir. Bu zaman digər sərnişinlər irad bildirməlidir. Bakı Nəqliyyat Agentliyinin məqsədi nəqliyyat sahəsinə yenilik gətirməkdir. Qısa zamanda taksilərdə olan nöqsanlar, xoşagəlməz hallar, nəqliyyat vasitələrinin köhnə olması tam şəkildə aradan qalxacaq. Sərnişinlərə xidmət göstərən nəqliyyat vasitələri Bakı Nəqliyyat Agentliyinin sertifikatını alandan sonra normal fəaliyyət göstərəcək. Taksilərlə bağlı problem olduqda, sərnişinlər 141 nömrəli qaynar xəttə müraciət edə bilərlər”.