
Bakının “Sovetski” kimi tanınan ərazisində yanğın nəticəsində bir nəfər ölüb, daha bir nəfər isə yanıq xəsarəti alıb.
Gununsesi.info-nun verdiyi məlumata, yanğın Yasamal rayonu, Həzi Aslanov küçəsi 1/17 ünvanında yerləşən 5 ailənin yaşadığı üçmərtəbəli yaşayış binasında baş verib.
Nəticədə 1969-cu il təvəllüdlü Liya Mixailovna Xazitova mənzilində yanaraq dünyasını dəyişib. 1935-ci il təvəllüdlü Raisa Abıtalıbova Vahidovna isə yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.
Hazırda binanın sakinləri təxliyyə olunur. Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) 16 yanğınsöndürən maşını cəlb olunub.
Hadisə ilə bağlı qərargah yaradılıb.
Bundan başqa, yanğın baş verən binanın ikinci mərtəbəsində bir qadın, üçüncü mərtəbəsində isə bir kişi köməksiz vəziyyətdə qalıb. Onları xilas etmək üçün hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub. Eyni zamanda, hadisə yerinə 3 təcili tibbi yardım maşını gəlib.
****
18:00
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda üçmərtəbəli yaşayış binasında yanğın hadisəsi olması barədə məlumat daxil olub.
Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib. Hal-hazırda yanğının söndürülməsi işləri davam etdirilir. Əlavə məlumat veriləcək.
Anar
Gununsesi.info