Açılış nitqləri ilə çıxış edən Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru akademik Nailə Vəlixanlı və “Böyük Qayıdış” Gənclər Təşkilatının icraçı direktoru Nail Şükürov tarixən erməni vandalları tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə siyasətindən, xalqımızın soyqırımına və deportasiyaya məruz qalmasından danışıblar.
Bildirilib ki, gənclərin bu tarixi gerçəklikləri dərindən öyrənərək həm yerli, həm də beynəlxalq platformalarda, müxtəlif internet resurslarında, qlobal sosial şəbəkələrdə geniş təbliği zəruridir. 31 Mart Soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri xüsusilə qeyd edilərək, məhz ulu öndərin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 1918-ci il martın 31-nin “Azərbaycanlıların Soyqırımı Günü” elan edildiyi vurğulanıb.
Tədbirin qonağı, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı tərəfindən 31 Mart Soyqırımının səbəbləri, həyata keçirilməsi üsulları, nəticələri haqqında tarixi faktlarla ətraflı məlumat diqqətə çatdırılıb və gənclərin mövzu ilə bağlı sualları cavablandırılıb.
Gununsesi.info