
Gədəbəy rayonunun Söyüdlü kəndində sakinlərin etiraz aksiyasından xeyli vaxt keçməsinə baxmayaraq, hələ də kəndin girişində qoyulmuş polis postu qalmaqdadır.
Qeyd edək ki, Qurban bayramı günlərində adıçəkilən kənddə yaşayan sakinlərin yaxın qohumları da oraya buraxılmayıb.
Bəs görəsən, Söyüdlü kəndinin girişindəki polis postu nə zaman götürüləcək?
Bu barədə Gununsesi.info-nun sorğusunu cavablandıran Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, hal-hazırda komissiya tərəfindən araşdırma davam etdirilir :
“Hal hazırda komissiya tərəfindən araşdırmalar davam etdirilir. Polis əməkdaşları tərəfindən də orda ictimai qayda, ictimai əsayişin təmin olunması tədbirləri davam etdirilir.
Kəndin sabitliyinin tam təmin olunmaması demək olmaz. Çünki orda mühüm araşdırmalar gedir. Hal hazırda komissiya işləyir. Kənd sakinlərinin narahatlıq hallarının aradan qaldırılması üçün iş gedir.”
Polis postunun nə zaman götürüləcəyinə gəlincə, Elşad Hacıyev bunları deyib:
“Polis postunun isə yaxın günlərdə kənddən götürülməsi nəzərdə tutulur. Bu bir müvəqqəti xarakterlidir. Bunun üçün xüsusi bir vaxt təyin edilməyib.”
Şəbnəm
Gununsesi.info