Söyüdlü nə zamana kimi nəzarət altında qalacaq? - KƏNDDƏKİ POLİS POSTU HƏLƏ DƏ QALIR

  • By admin
  • 08 Sentyabr 2023 13:53

“Artıq 3-cü aydır ki, kəndimiz polis nəzarətindədir. Qohum-əqraba xeyir-şərə gəlib getməkdə çətinlik çəkir. Gədəbəy rayonunda qeydiyyatda olmayanlar isə kəndə buraxılmır. Biz dövlətdən, hökumətdən xahiş edirik ki, polis postu götürülsün”.

 

Bunu Gununsesi.info-ya Gədəbəyin Söyüdlü kəndinin adının çəkilməsini istəməyən ziyalıları bildirib.

Onların sözlərinə görə, kəndin cammaatı haqqında ölkə başçısı səviyyəsində fikir ifadə olunub: “Prezident də bildirdi ki, camaatın şikayətinə laqeyid yanaşılıb. Bizim kənd camaatı sadəcə ekoloji terrora etiraz edib. Uzun illərdir ki, dövlətə, dövlətçiliyə qarşı hər hansı bir addımımız olmayıb. Hər zaman Prezidenti dəstəkləmişik. İndi bu münasibət nəyə görədir? Nə baş verib ki, bir kəndi 3 aydır mühasirədə saxlayırlar?  Biz xahiş edirik ki, polis postu götürülsün”. 

Xatırladaq ki, İyunun əvvəlində bir qrup kənd sakini ekoloji fəlakətə etiraz olaraq aksiya keçirib.

Polislə qarşıdurma ilə nəticələnən aksiyadan sonra kənd sakinlərindən bir qrupu inzibati qaydada həbs edilib, bəziləri ağır pul sanksiyalarına məruz qalıb.

Olay beynəlxalq insan haqları təşkilatlarının Azərbaycan hökumətinə qarşı tənqidlərinə səbəb olub.

Bu hadisələrə görə yerli sakinləri dəstəkləyən Gədəbəyin sabiq deputatı Nazim Bəydəmirli özünün şikayətçi olduğu işə görə həbsə atılıb.

 

Elmar Elnuroğlu

Gununsesi.info