Söyüdlü sakinlərinin dediklərində həqiqət var - Arzu Nağıyev

Gədəbəyin Söyüdlü kənd sakinlərinin dediklərində həqiqət var.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında deputat Arzu Nağıyev bildirib.

Deputat hesab edir ki, Söyüdlüdəki problemi böyütmək lazım deyil.

“Amma problemi bu qədər böyütmək lazım deyildi. Sadə xalqdan istifadə edildi deyə bilərik. Ölkənin xaricində yaşayanlar və daxilində olan bəzi şəxslər bu hadisədən öz məqsədləri üçün istifadə etdilər. Jurnalistlərin və digər şəxslərin işləri araşdırılmalıdır. Bu gün Gədəbəydə baş verən hadisələrin fonunda dövlətə qarşı böyük aksiyanın qarşısı alınıb və heç bir təhlükə yoxdur. Komissiya öz işini davam etdirir, əlavə məlumat veriləcək”, – deputat vurğulayıb.

Qeyd edək ki, Gədəbəy rayonunun Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində süni gölün tikintisinə etiraz olaraq iyunun 20-də aksiya keçirməyə cəhd göstərib. Aksiyanın qarşısı alınan zaman polislə sakinlər arasında insident baş verib. Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün Baş nazirin Sərəncamı ilə komissiya yaradılıb.

Gununsesi.info