Ötən həftə bir məqalə yazmışdım: “Mübariz İbrahimova da qəhrəman
deyirik, efirdə arvadını axtaranlara da…” Yazmışdım ki, həyat yoldaşının
arxasınca studiyaya üz tutan adamlara qəhrəman deyib, bu sözü gözdən
salmayın. Qəhrəman anlayışı ancaq Mübariz İbrahimov kimi canını
Vətən uğrunda fəda edən igid oğullarımıza şamil olunmalıdır…
Burda nəyi səhv demişəm? Yoxsa, siz fərqli düşünürsünüz? Təəssüf ki,
fərqli düşünənlər oldu. Məlum oldu ki, aparıcı saytlardan biri həmin
məqaləni özünün İnstaqram səhifəsində yerləşdirəndən sonra qızğın
müzakirələr başlayıb. Mən xəbər tutanda 200 adam məqaləyə
münasibət bildirmişdi. Xoş söz deyən, təşəkkür edənlərlə yanaşı, ağız
büzən, söyənlər də vardı. Məsələn, bir oxucu belə yazmışdı: “Bu
jurnalisti dövlət yemləyir. Sifətindən müftəxor adama oxşayır”. Hansı ki,
“Reytinq” qəzeti ilə yollarımızı ayırdığımız ötən iki ildə heç bir yerdən
stabil əməkhaqqı almamışam…
Başqa bir oxucu isə daha da irəli getmişdi: “Bu jurnalisti efirdə tez-tez
görürəm. Çox murdar adamdır”.
Bu rəyləri oxuyanda məyus oldum, dərdə-qəmə batdım. Pərtliyimi
sezən həmkarım bu dəfə öz məqaləsi barədə yazılan rəyləri mənə
göstərdi. Bilirsiniz, nələr yazmışdılar? Yox, deyə bilmərəm. Bircə onu
deyə bilərəm ki, mən heç əsgərlikdə də bu cür ağır söyüşlər
eşitməmişəm…
“Söyüş makinası” yenə işə düşüb. Bu cür hallar əvvəllər də baş verirdi,
amma indi “istehsal prosesi” daha da sürətlənib. Ağzını açan söyüşlə
danışır. Milli-mənəvi dəyərlərimiz gözümüzün qabağında deqradasiyaya
uğrayır. Özünü ziyalı hesab edən insanların susmağa haqqı yoxdur.
Özümüzü karlığa, korluğa vura bilmərik!
Mən siyasi ambissiyası olmayan azad yazaram. Bakının ən ucqar
qəsəbəsində ikiotaqlı evim, Allahın bəxş etdiyi bir ovuc nemətlə qane
olan iki övladım avr. Ən böyük arzum övladlarımın azad, firavan bir
ölkədə yaşaması, cəmiyyətdə öz qabiliyyətlərinə uyğun vəzifə
tutmasıdır. Bu arzumun ibadət və itaət yolu ilə deyil, ədalət yolu ilə
həyata keçməsinə çalışıram. Övladalrının gələcəyini düşünən bir
valideyn kimi onlara çatmalı olan var-dövlətin ayrı-ayrı məmurlar
tərəfindən talan edildiyinin fərqindəyəm. Müti adam olmadığım üçün
bu eybəcərliyə göz yummuram. Araşdırır, tədqiq edir, sanballı
arqumentlər toplayır, sonra isə məqalələr yazır, öz etirazımı
ictimailəşdirirəm. Senzura ilə 20 il əvvəl vidalaşdığımız üçün
düşüncələrimi qələmə almağıma heç kim mane olmur. Daşkəsənin icra
başçısı Əhəd Abıyev istisna olmaqla indiyə kimi heç bir məmur mənə
göz ağartmayıb. Onu da jurnalist dostlarımın köməyilə ədəb
çərçivəsində yerində oturtmuşam. Hətta bir vaxtlar məni təhqir edən
tərbiyəsiz müğənniyə belə söyüşlə cavab verməmişəm. Çünki söyüş
söyməyi bacarmıram. Dost-tanış da təsdiq edər: 43 yaşa gəlib
çatmışam, amma indiyə kimi bir dəfə də dilimdən söyüş çıxmayıb. Söyüş
pis vərdişdir. İnsan bu vərdişə, adətən, uşaqlıq illərində yiyələnir. Biz
uşaq olanda üzərimzidə ciddi nəzarət avrdı. Əgər bir dəfə dilimizdən pis
söz çıxsaydı, dilimizi çəkib boğazımızdan çıxarardılar…
Bir dəfə canlı efirdə Vasif Məhərrəmliyə belə demişdim: bizim elə bir
imkanımız yoxdur ki, övladlarımızın başının üstündə əliavtomatlı
mühafizəçilər qoyub, onlara yelbeyin şou əhlini izləməyi qadağan edək.
İndi biz nə edək? Həm ölkə daxilində, həm xaricdə nifrin yağdıran
məsuliyyətsiz adamların ifraz etdikləri söyüşləri görməməsi, eşitməməsi
üçün övladlarımızın informasiya texnologiyaları ilə təmasına qadağa
qoyaq? Yoxsa, evlərimizdəki mobil telefonları, planşetləri, kompüterləri
Xəzər dənizinə ataq?
Hamı abrına qısılıb. Çünki ən mədəni formada etiraz edənlər belə
şərlənir, təhqir olunur, küçə söyüşlərinə “qonaq edilir”. Sabah təhqir
olunacağım təqdirdə necə cavab verəcəyim mənim özümə də məlum
deyil. Qadın şəklinin araxsında gizlənən “kişi” ilə necə kişi kimi mübarizə
aparmaq olar?
İnformasiya texnologiyalarının verdiyi üstünlükdən yararlanıb, insanları
təhqir edən, onların şərəf və layəqatəni alçaldan adamlara bir
məsləhətim var: söyüş söyməyin, ayıbdır! Çünki ağzınızdan çıxan o
nalayiq ifadələri hamıdan əvvəl ətrafınızdakılar eşidir, yazdığınız o söyüşləri birinci özünüzünkülər oxuyur…(missiya.az)
Gununsesi.info