“Sözləri milliləşdiririk, yoxsa əcaibləşdiririk?” - NİGAR CƏFƏRLİ YAZIR

  • By admin
  • 27 Oktyabr 2017 11:42

Ədəbi dil tariximizin əsaslarında belə bir qayda var: “Ehtiyac olmadığı halda, süni şəkildə yeni söz yaradılmamalıdır”. Yəni həqiqətənmi dilçi alimlərin dilin tarixi, uğursuz islahatların nəticələri barəsində məlumatları yoxdur?! “Proqnoz” ilə “öncəgörmə” arasında müəyyən qədər yaxınlıq olsa da, əsasən, fərqli anlayışlardır. Cümlədə işlənməsinə diqqət yetirək: “Ekspertlərin öncəgörməsinə görə, filan sahə inkişaf edəcək”. Leksik normaya uyğun gəlirmi?

Yəqin əsaslandıracaqlar ki, alınma sözləri milli vahidlərlə əvəz etmək lazımdır. Bu yanaşmaya isə dil tarixinin digər qaydasını qarşı qoyuram: “Dil mövcud olduğu müddətdə daim və mütləq əcnəbi dillərlə əlaqədə olur, söz mübadiləsi aparır”.

Milliləşməyə qalsa, gərək lüğət tərkibimizin 90 faizini yeniləyək. Bu zaman isə sinonim müvaziliyi pozular, dil daha da kasadlaşar, cümlələr yığcam və bəsit olar. Diqqətimi çəkən əsas məqam odur ki, hər dəfə məhz Avropa mənşəli sözlərə qarşılıq tapılır, ərəb-fars dillərindən keçən sözlərə isə toxunulmur. Yəqin, ya avropalaşmaq qorxumuz güclüdür, ya da ərəb köləliyimiz.

İşin ən gülməli tərəfi isə dilimizin izahlı lüğətinə ümumiyyətlə daxil olmayan “like” sözünə qarşılıq tapılmasıdır. Qeyd edim ki, belə uğursuz islahatlardan birincisi 1922-ci ildə yaradılan İstilah Komissiyası tərəfindən aparılmış “Purizm” (təmizləmə) hərəkatı adlanır. Həmin il dilmizdə aktiv olan bir sıra sözlər kökündən dəyişdirilmişdi. (say-nəsnək; nöqtə-bənək; vətəndaş-eloğlu və s.) Bu sözlər qısa zaman kəsimində mətbuatın dilində işlənib sonradan sıradan çıxmışdı.

Nigar Cəfərli

Gununsesi.info