“Space” televiziyasında növbəti kadr itkisi

 

“Space” televiziyasında növbəti bir kadr itkisi baş verib. Əməkdar jurnalist Nüşabə Hüseynli uzun müddətdir çalışdığı “Space” telekanalındakı işindən ayrılıb.

N.Hüseynli 2008-ci ildən bu günə kimi “Space” televiziyasında redaktor vəzifəsində çalışırıb.

N.Hüseynli əməkdaşımıza telekanaldan getdiyini nə təsdiq, nə də inkar edib. Bildirib ki, hazırda səhhəti ilə əlaqədar evdə müalicə alır. İndi onun üçün ən önəmlisi budur.

Qeyd edək ki, Nüşabə Hüseynli uzun illərdir mətbuatda çalışır, müxbir vəzifəsindən baş redaktor müavinliyinədək yüksəlib. Tanınmış jurnalist əvvəllər “Zaman”, “Şəhriyar”, “Elita”, “Bizim əsr”, “Günsəhər” qəzetlərində işləyib, “Lider” televiziyasının ilk siması olub, sonralar bu televiziyada milli-mədəni irsin təbliğinə həsr olunan “Bizim muzey” adlı layihəni gerçəkləşdirib, eyni zamanda həmin televiziyada redaktor kimi fəaliyyət göstərib.

O, son illər “Space” televiziyasının “Hər səhər” proqramının redaktoru vəzifəsində çalışmaqla paralel, qəzetlər və informasiya portalları ilə əməkdaşlıq edir, köşə yazarı kimi fəaliyyət göstərib. Onlarla kitabın redaktorudur. “Televiziya jurnalisikası” kitabının həmmüəlliflərindəndir.
2016-cı il noyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “əməkdar jurnalist” fəxri adı ilə mükafatlandırılıb.

N.Hüseynli Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı olub, 2007-ci ildə “Azərbaycan ədəbi-nəzəri fikrində realizm problemi” adlı namizədlik dissertasiyasını müdafiə edib.
Jurnalistlik fəaliyyətilə yanaşı, 2009-2016-cı illər arası Bakı Slavyan Universitetində pedaqoji fəaliyyət göstərib. Universitetin jurnalistika fakültəsinin “Yeni media və kommunikasiya texnologiyaları” kafedrasının baş müəllimi vəzifəsində çalışıb.

COMMENTS