Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda AzScienceNet şəbəkəsində spamlarla mübarizə üsullarına həsr olunduğunu elmi seminar keçirilib.
Gununsesi.info-nun xəbərinə görə, institutdan AZƏRTAC-a bildiriblər ki, AzScienceNet-in Data Mərkəzinin administratoru Tural Mustafayev reklam və ya digər məzmunlu məlumatlar olan spamların elektron poçt ünvanlarına kütləvi və anonim göndərildiyini qeyd edib.
T.Mustafayev spamların yaranma tarixi barədə məlumat verərək onların 1937-ci ildə “Hormel” şirkəti tərəfindən ticarət markası kimi qeydiyyatdan keçirildiyini, ötən əsrin 80-ci illərində isə “Usenet” konfranslarında çox sayda reklam məzmunlu elektron ismarıcların yayılmağa başladığını diqqətə çatdırıb.
Məruzəçi spamlarla mübarizə üsullarından söz açaraq bildiribi ki, onların yayılmasının qarşısını almaq üçün korporativ və ya şəxsi elektron poçt ünvanları kütləvi elan səhifələrində yerləşdirilməməli, şəxsi istifadə üçün nəzərdə tutulan və ya şübhəli xidmətlərdə qeydiyyatdan keçməməli, spam məktublar açılmamalı, o cümlədən ikiqat gizlilik şifrəsindən və mümkün qədər mürəkkəb şifrələrdən istifadə olunmalıdır.
T.Mustafayev spamlarla mübarizə məqsədilə antispam və spam filter proqramlarının mövcud olduğunu söyləyib, bu proqramlardan istifadə qaydaları barədə məlumat verib.
Gununsesi.info