
“Avanqard CXM” MMC-də aparılan inspeksiya nəzarəti nəticəsində aşkar olunan nöqsanlara görə akkreditasiya attestatının qüvvədə olma müddəti dayandırılıb.
Gununsesi.info-ya Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, komitənin Dövlət Akkreditasiya Xidməti tərəfindən “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən “Avanqard CXM” MMC-nin Çənlərin dərəcələnməsi laboratoriyasında bu ilin aprelin 3-də inspeksiya nəzarəti həyata keçirilib.
İnspeksiya nəzarəti zamanı orqanın AZS İSO/İEC 17025-2008 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliyinə ümumi tələblər” standartının tələblərinə uyğunluğu qiymətləndirilib və bir sıra nöqsanlar aşkar edilib.
Belə ki, “Avanqard CXM” MMC-nin çənlərin dərəcələnməsi laboratoriyasında idarəetmə sisteminin mövcud olmadığı müəyyən edilərək, laboratoriya tərəfindən aparılan dərəcələnmə işlərində istifadə edilən ölçmə vasitələrinə və avadanlıqlara aid şəhadətnamələrin qüvvədə olma müddətinin bitdiyi aşkarlanıb.
İnspeksiya nəzarəti nəticəsində Dövlət Akkreditasiya Xidməti tərəfindən “Avanqard CXM” MMC-nin çənlərin dərəcələnməsi laboratoriyasında akkreditasiya attestatlarının qüvvədə olma müddətinin dayandırılması və aşkar edilmiş nöqsanların aradan qaldırılması barədə qərar qəbul edilib.
Gununsesi.info