“Star” zavodunda Neft Fondunun xərci 960 milyon dollara çatıb

  • By admin
  • 06 Mart 2017 15:45

937a3fda-779c-4d58-8600-b9523c5f8576

Azərbaycan Türkiyədəki “Star” neft-emali zavodunun tikintisinə 960 milyon dollar xərcləyib.

Gununsesi.info Dövlət Neft Fonduna istinadən bildirir ki,  2016-cı il büdcəsinin icrası çərçivəsində STAR layihəsi üzrə Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi məqsədilə Dövlət Neft Fondu tərəfindən 331,8 milyon manat və yaxud 200,2 milyon ABŞ dolları məbləğində vəsait ayrılmışdır. Beləliklə, layihə üzrə ayrılmış vəsaitin ümumi həcmi 960,2 milyon ABŞ dolları təşkil edir.

Xatırladaq ki, layihənin təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub.

“STAR” neft emalı zavodu Türkiyənin iqtisadi cəhətdən kifayət qədər güclü hesab olunan qərb hissəsində, İzmir şəhərinə yaxın olan Əliağa liman bölgəsində inşa edilməklə İzmir və İstanbul ərazilərində daxili bazarın tələbatını ödəməyə yönəldiləcəkdir. Zavodun iri neft-kimya kompleksi olan Petkimin yaxınlığında tikilməsi şaquli istiqamətdə inteqrasiya yaratmaqla yüksək səmərəliliyə səbəb olacaqdır.

Neft emalı zavodunun ümumi gücü 10 milyon ton təşkil edəcək və zavodun əsas xammal tədarükçüsü kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti çıxış edəcəkdir. Zavodun istehsal edəcəyi təqribən 1,6 milyon ton nafta Türkiyədə neft-kimya sənayesinin xarici ölkələrdən xammal asılılığını azaldacaq, dizel və aviasiya yanacağı cari hesab defisitinin azalmasına yardım edəcək və neft-kimya sənayesi məhsulları üçün xammal rolunu oynayacaqdır.

Layihənin Dövlət Neft Fondu tərəfindən maliyyləşdirilməsi Azərbaycan Respublikası Prezidentinin “SOCAR Türkiyə Ege” Neft Emalı Zavodu ( STAR) layihəsində Azərbaycan tərəfinin iştirakının dəstəklənməsi məqsədilə əlavə tədbirlər haqqında 4 fevral 2013-cü il tarixli 2698 nömrəli Sərəncamına (Sərəncam) əsasən həyata keçirilir. Sərəncama əsasən  nizamnamə kapitalı 1,900 milyon ABŞ dolları təşkil edən səhmdar cəmiyyət (bundan sonra – Cəmiyyət) yaradılmış və Cəmiyyətin səhmlərinin 40%-nin maliyyələşdirilməsi Dövlət Neft Fonduna tapşırılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2016-cı il tarixli 1804 saylı Sərəncamı ilə “STAR layihəsində Azərbaycan tərəfinin iştirakının dəstəklənməsi məqsədilə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 04 fevral 2013-cü il tarixli 2698 nömrəli Sərəncamında edilmiş dəyişikliklərə əsasən Cəmiyyətin nizamnamə kapitalının həcmi 1,900 milyon ABŞ dollarından 2 412,0 milyon ABŞ dollarına qədər, Cəmiyyətin dövlət mülkiyyətində  olan 40 faizlik  səhm payının dəyəri 964,8 milyon ABŞ dollarına qədər artırılıb.

Azərbaycan Respublikası Prezidentinin 18 mart 2016-cı il tarixli 852 saylı Fərmanı ilə Dövlət Neft Fondunun 2016-cı il üçün büdcəsində edilmiş dəyişikliklərə əsasən STAR layihəsi üzrə Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi üçün Neft Fondu tərəfindən 331.8milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

Vüsalə Rüstəmova

Gununsesi.info