STM Siyasi partiyalar haqqında yeni qanun layihəsi ilə bağlı sorğu keçirdi

Milli Məclisin müraciəti əsasında Sosial Tədqiqatlar Mərkəzi tərəfindən Siyasi partiyalar haqqında yeni qanun layihəsinin qəbulundan öncə ictimai rəy sorğusu keçirilib.

Rəy sorğusunda vətəndaşların yeni qanun layihəsinin müddəaları da daxil olmaqla təqribən qırx sual ətrafında mövqeyi öyrənilib. Burada 21 suala cavablar qeyd olunub, ümumi nəticələr əsasında Mərkəz tərəfindən geniş tədqiqat sənədi hazırlanaraq ictimailəşdiriləcək.

HTML tutorial

Gununsesi.info Milli Məclisdə STM-in İctimai Rəy departamentinin rəhbəri Elnur Çıraqovun hazırladığı materialı təqdim edir:

Sorğunun metodologiyası

Rəy sorğusu 1071 nəfər arasında, 47 inzibati rayon və şəhərdə keçirilib.

Sorğular tam müasir, beynəlxalq təcrübədə tətbiq olunan üsullarla keçirilib, “SurveyToGo” proqramı tətbiq edilib, kompüter dəstəkli şəxsi müsahibə sistemindən istifadə olunub.

Nəticələrin xəta əmsalı 95% əminlik intervalında 3% təşkil edir. Yəni, sorğu eyni şərtlər daxilində 100 dəfə keçirilərsə, 95-ində nəticələr cari nəticələrdən cəmi 3% yuxarı və ya aşağı ola bilər.

Respondentlərin demoqrafik məlumatları

Sorğu iştirakçıları arasında gender bərabərliyi təmin olunub. Təhsil və yaş qrupları üzrə məlumatlar reallığı əks etdirir.

Hər rayon üzrə sorğuda iştirak edən respondentlərin sayı rayon əhalisinin ölkə əhali sayındakı nisbətinə uyğun müəyyən edilib.

Ölkənin ictimai-siyasi həyatı ilə maraqlanırsınızmı?

Nəticələrə görə insanların 16,9% ölkənin ictimai-siyasi həyatı ilə çox maraqlanır, 59,5%-i müəyyən dərəcədə maraqlanır, 23,6%-i ümumiyyətlə maraqlanmadığını bildirir.

İctimai-siyasi həyata maraq onların gender, təhsil və yaş qrupları üzrə fərqlənir.

Orta təhsilə malik hər üç nəfərdən biri siyasi məsələlərlə ümumiyyətlə maraqlanmır.

İctimai-siyasi həyatda hansı formalarda iştirak edirsiniz?

Burada eyni şəxsə bir neçə cavab variantı seçmək imkanı verildiyinə görə nəticələrin cəmi 100%-dən fərqlənir.

İnsanların əsas hissəsi informasiya resurslarından xəbərləri izləyir, müxtəlif seçkilərdə iştirak edir, yaxın əhatəsi ilə siyasi məsələləri müzakirə edir. İctimai-siyasi həyatda ümumiyyətlə iştirak etmədiyini bildirənlərin əksəriyyəti siyasi məsələlər ilə heç maraqlanmayanlardır.

Özünüzü hansı istiqamətli partiyalara yaxın hiss edirsiniz?

Əsas hissə, yəni 44,7% özünü milliyyətçi yönümlü partiyalara yaxın hiss edir.

Özünü milliyyətçi partiyalara yaxın hiss edənlərin 29%-i, dini partiyalara yaxın hiss edənlərin 38%-i, liberal partiyalara yaxın hiss edənlərin 21%-i yaşı 35-ə qədər olan respondentlərdir.

Sizcə, partiya rəhbərində olmalı olan üç ən vacib xüsusiyyət nədir?

Respondentlərin partiya liderində görmək istədiyi üç ən vacib xüsusiyyət cəmiyyətə yaxınlığı, yəni əhali üçün əlçatan olması, problemlərin həlli üçün dəqiq təkliflərə malik olması və siyasi təcrübəsidir. Digər məsələlər, növbəti sıralarda qərarlaşır.

Özünüzü görmək istədiyiniz bir siyasi partiya varmı, səbəbləri?

Sorğuda iştirak edənlərin 39,7%-i ölkədə özünü görmək istədiyi bir siyasi partiyanın mövcud olduğunu, 54,9%-i mövcud olmadığını ifadə edib, 5,4%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib.

Belə bir partiyanın olduğunu bildirənlərin əsas hissəsi bu istəyini partiya liderinə olan rəğbəti, partiyanın yaxın əhatəsində tanınması və bəyənilməsi, partiyanın ideologiya və proqramının ona yaxın olması ilə əlaqələndirib.

Belə bir partiyanın olmadığını bildirənlərin əsas hissəsi mövqeyini partiyalara olan etimadsızlığı, partiyaların baxışlarını bölüşməməsi və digər səbəblərlə əsaslandırıb.

Sizcə, Azərbaycanda yeni partiyaların yaradılması lazımdırmı?

Maraqlı məqamdır ki, ictimaiyyətin 69,5%-i hesab edir ki, ölkədə yeni siyasi partiyaların yaranmasına ehtiyac yoxdur, cəmi 20,6% yeni partiyaların yaranmasına ehtiyac olduğu mövqeyindədir.

18-25 yaş qrupunda olanların 37%-i yeni partiyaların yaradılmasının tərəfdarıdır. Yaşı 65-dən yuxarı olan arasında bu mövqe cəmi 18%-dir.

Yeni partiyaların yaradılmasına ehtiyac olduğunu bildirənlər və ehtiyac olmadığını bildirənlər, göründüyü kimi, öz mövqeyini müxtəlif səbəblər ilə əsaslandırır.

Sizcə, partiyalar bütün xalqın adından danışa bilərmi?

Mühüm müddəalardan biri kimi, siyasi partiyaların bütün xalqı təmsil etmək və xalqın adından danışmaq məsələsinə də ictimai münasibət öyrənilib.

63,9% hesab edir ki, heç bir partiya bütün xalqın adından danışa bilməz, 15,7%-ə görə parlamentdə təmsil olunan partiyalar xaricində heç bir partiya xalqın adından danışa bilməz. 11,8% hesab edir ki, partiyalar bütün xalqın adından danışa bilər.

Seçkilərdə iştirak etməyən siyasi partiyalara münasibətiniz?

33,6% seçkilərdə iştirak etməyən partiyaların ləğv olunması mövqeyindədir, 29,8% partiyaların seçkilərdə iştirak etməsini üzvlərinin siyasi iradəsi baxımından vacib hesab edir, 21,7% bu hüququn partiyaların öz sərəncamına buraxılmasını vacib sayır.

İctimai-siyasi məsələlər ilə çox maraqlandığını bildirənlərin 40%-i seçkilərdə iştirak etməyən partiyaların ləğv olunmasını, yaxud fəaliyyətinin dayandırılmasını ifadə edir. Seçkilərdə iştirak hüququnu partiyaların öz sərəncamında hesab edən hər üç nəfərdən biri siyasətlə ümumiyyətlə maraqlanmayanlardır.

Partiyanın proqrama malik olması mütləqdirmi, səbəbləri?

23,8%-i partiyanın əsas ideologiyasını özündə əks etdirməsi ilə, 40%-i partiyanın fəaliyyətini proqramsız qeyri-mümkün saydığına görə proqramın olmasını vacib hesab edir. Sorğuda iştirak edənlərin 19,5%-i partiyaların proqrama malik olmasını əhəmiyyətli hesab etmir, 16,7%-i bu barədə fikir bildirmir.

Siyasi partiya öz üzvləri, yaxud orqanları tərəfindən siyasi fəaliyyət çərçivəsində qanunvericiliyin pozulmasına görə cavabdehlik daşımalıdırmı?

39,0% bütün üzvləri və orqanlarına görə, 21,6% yalnız rəhbər şəxslərinə görə, 11,1% partiyanı təmsil etmək səlahiyyətinə malik bütün şəxslərə görə məsuliyyət daşımalıdır fikrindədir.

Siyasi partiyaların dövlət qeydiyyatına alınması üçün neçə üzvü olmalıdır?

Siyasi partiyalar haqqında Qanunun qəbulundan ötən 30 ildən sonra üzv sayı tələbinin olduğu kimi saxlanılması, yaxud dəyişilməsinə ictimai münasibət öyrənilib. Respondentlərin 11,9%-i dövlət qeydiyyatı üçün min nəfərə qədər, 20,9%-i min nəfərdən beş min nəfərə qədər, 17,3%-i beş min nəfərdən on min nəfərə qədər üzvün olmasını məqbul hesab edib. 23,4% bu barədə fikir bildirməkdə çətinlik çəkib.

Yeni partiyaların dövlət qeydiyyatına alınması üçün tələb olunan üzv sayı artırılarsa bu fəaliyyətdə olan partiyalara da şamil olunmalıdırmı?

Respondentlərin 50%-dən çoxu yeni partiyaların dövlət qeydiyyatına alınması üçün üzv sayı artırılarsa, bunun, fəaliyyətdə olan partiyalara da şamil edilməsinin lehinədir. Onlardan 27,4%-i mövqeyini əks halda bərabərlik prinsipinin pozulacağı ilə əsaslandırır, 26,3%-i fəaliyyətdə olan partiyaların yeni tələblərə uyğunlaşması üçün onlara müəyyən müddət verilməsi şərti ilə məqsədəuyğun hesab edir. Hər dörd nəfərdən biri yeni tələbin köhnə partiyalara şamil edilməməsini dəstəkləyir.

Siyasi partiya təsisçisi olmaq və partiya rəhbərliyində təmsil olunmaq üçün ölkə ərazisində son vaxtlar yaşamaq tələbi qoyulmalıdırmı?

Partiya təsisçisi olmaq və ya partiya rəhbərliyində təmsil olunmaq üçün zaman kvotası, yəni, ölkə ərazisində son vaxtlar hansı müddətsə yaşamaq tələbinin olub-olmaması məsələsinə gəlincə, nəticələrə əsasən, respondentlərin ümumilikdə 60,6%-i belə bir tələbin qoyulmasını partiya təsisçisi olmaq üçün, 52,9%-i partiya rəhbərliyində təmsil olunmaq üçün məqbul sayıb. 24,1%-i və 32,9% belə bir tələbin qoyulması əleyhinə mövqe göstərib.

Bu müddət nə qədər olmalıdır?

Partiya təsisçisi olmaq üçün belə bir tələbin qoyulmasını dəstəkləyənlərin rəylərinə nəzər yetirsək, onların 9,8%-i ölkə ərazisində son 20 il yaşayanların, 15,5%-i ölkə ərazisində son 15 il yaşayanların, 20,6%-i son 10 il yaşayanların partiya təsis etmək hüququna malik olduğunu ifadə edib. Bənzər mövqe partiya rəhbərliyində təmsil olunmaq üçün də keçərlidir.

Bir şəxsin bir neçə partiyanın üzvü olmasına münasibətiniz?

Bir şəxsin bir neçə partiyaya üzv olması məsələsinə gəlincə, əksəriyyət, yəni 80,6% bir şəxsin bir neçə partiyanın üzvü olmasını qeyri-etik hesab edir, 15,2%-i buna müsbət yanaşdığını bildirir.

Respondentlərin təhsil və yaş qruplarına, partiya mənsubiyyətli olub-olmamasına görə bu barədə fikirləri nisbətən fərqlənir.

Partiya üzvlərinin il ərzində ödədiyi üzvlük haqlarının yuxarı həddinin müəyyən olunmasına münasibətiniz?

Üzvlük haqlarının yuxarı həddinə münasibətdə, 19,9% məhdudiyyətlərin tətbiq olunmasının lehinədir. 31,6% partiyalara üzvlük haqqının olmaması cavabını qeyd edib, 23,3% hesab edib ki, üzvlük haqqının miqdarı partiyaların öz sərəncamına buraxılmalıdır.

Partiyaların pul vəsaini xarici valyutada, nağd qaydada qəbul etməsinə münasibətiniz?

Yeni qanun layihəsinin müddəalarından biri olaraq, siyasi partiyaların pul vəsaitini xarici valyutada və nağd qaydada qəbul etməsinə münasibət öyrənilib. 51,8% hesab edir ki, partiyalar ölkə ərazisində yerləşdiyindən pul vəsaitini yalnız milli valyutada, nağdsız qaydada qəbul etməlidir. 34,6% partiyanın istənilən valyuta və formada vəsait qəbul etməsini məqbul sayır.

Siyasi partiyalara dövlətin maliyyə yardımının xərclənməsi üzərində nəzarət olmalıdırmı?

Nəticələrə əsasən, insanların əksəriyyəti (90,2%-i) nəzarətin olmasını və bunun Hesablama Palatası tərəfindən icrasını məqbul hesab edib. “Xeyr, nəzarət olmamalıdır” cavabı onların cəmi 5,6%-i tərəfindən qeyd olunub. 4,2%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib.

Sizcə, qadın liderli partiyaların yaradılması lazımdırmı?

Rəy sorğusunda qadın liderli partiyaların yaradılması məsələsinə də yer verilib. İştirak edənlərin 51,1%-i ölkədə qadın liderli partiyaların yaradılmasına ehtiyac olduğunu bildirib, 24,0%-i bu fikrə qarşı çıxıb, 21,4%-i bu məsələyə neytral mövqedən yanaşıb.

Kişilərin 45%-i, qadınların 57%-i qadın liderli partiyalara ehtiyac olduğunu bildirib.

Sizcə, aşağıdakı dəyərlər Azərbaycan cəmiyyətində hansı dərəcədə mövcuddur?

Bir sıra siyasi dəyərlər təqdim edilərək vətəndaşların onları Azərbaycan cəmiyyətində mövcudluğuna görə qiymətləndirməsi istənilib. Nəticələrə görə, respondentlərin 83,3%-i bütöv vətən duyğusunun, 74,8%-i qələbə hissinin, 68,8%-i müstəqil dövlətçiliyin, 62,2%-i milli təhlükəsizliyin Azərbaycan cəmiyyətində tamamilə mövcud olduğunu bildirib.

Gununsesi.info