
NATO-nun baş katibi Yens Stoltenberq Nümayəndələr Palatasının spikeri Mayk Conson və ABŞ-ın digər qanunvericiləri ilə Ukraynaya dəstəyi müzakirə etmək üçün görüşüb.
Gununsesi.info xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, görüş zamanı baş katib Ukraynaya göstərdiyi dəstəyə görə ABŞ-a təşəkkür edib və bu yardımın onun yaşaması və Avropanın sabitliyi üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Stoltenberq güclü Alyansın ABŞ-ın strateji maraqlarına cavab verdiyini və NATO sayəsində ABŞ-ın digər ölkələrdən daha çox dost və müttəfiqə malik olduğunu vurğulayıb.
Stoltenberqin Nümayəndələr Palatasında azlıqların lideri Hakeem Jeffries ilə görüşdüyü və Respublikaçılar Partiyasının bir neçə rəsmisi ilə Ukrayna ilə bağlı müzakirələrdə iştirak etdiyi bildirilir.
O həmçinin, NATO Parlament Assambleyasının həmsədrləri və ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin rəhbərliyi ilə görüşüb.
Bu gün Alyansın baş katibi “Lockheed Martin”in Alabama ştatındakı elektronika və raket sistemləri bölməsinə baş çəkəcək.
Bir müddət əvvəl ABŞ dövlət katibi Antoni Blinken Amerikanın Ukraynaya yardımının dayandırılması ilə bağlı vəziyyətin artıq döyüş meydanına müəyyən mənada təsir etdiyini bildirib.
Eyni zamanda, xarici işlər naziri Dmitri Kuleba miqrasiya məsələsində iki partiyanın nümayəndələri arasında fikir ayrılıqlarına baxmayaraq, ABŞ Konqresinin Ukraynaya əlavə maliyyə ayrılmasını təsdiqləyəcəyinə bir daha əmin olduğunu bildirib.
KİV-in məlumatına görə, Amerika prezidenti Co Baydenin əsas köməkçiləri Konqresdə qapalı iclasda xəbərdarlıq ediblər ki, cəbhədə Ukraynaya əlavə hərbi yardımın təsdiqi olmadan Ukrayna qoşunları üçün ciddi çətinliklər yarana bilər.
Gununsesi.info