“Su quyuları ilə bağlı yeni qaydalar israfçılığın qarşısını alacaq”

  • By admin
  • 31 Mart 2022 16:09

Sudan istifadə ilə bağlı yeni qaydaların şərhi ilə bağlı yaranmış anlaşılmazlıqlarla əlaqədar bildiririk ki, sözügedən Qaydalar su ehtiyatlarından ödənişli istifadə sahəsində indiyədək ayrı-ayrı qanunvericilik aktlarında pərakəndə şəkildə tənzimlənən və dəqiq uçotun və qiymətləndirmənin aparılmasına imkan verməyən mexanizmləri vahid sənəddə birləşdirilməsinə yönəlib.

Gununsesi.info xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə bildirib.

Onun sözlərinə görə, bu qaydalar su ehtiyatlarının istifadəsi və mühafizəsi tədbirlərinin iqtisadi tənzimlənməsinin prinsiplərindən biri kimi hazırlanmışdır.

“Qaydaların təsdiq edilməsi ümumilikdə ölkəmizdə su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi istiqamətində aparılan islahatlara öz töhfəsini verəcək, israfçılığın qarşısı alınacaq.

Torpaq sahələrinin sahibləri öz ehtiyaclarını ödəmək üçün təzyiqsiz su quyularının qazılmasını və istismarını ödənişsiz həyata keçirə bilərlər. Bu baxımdan xüsusi vurğulamaq lazımdır ki, əhalinin həyətyanı sahələrində istifadə etdiyi fərdi su quyularının mütləq əksəriyyəti bu kateqoriyaya aiddir, yəni ödənişdən azaddır.

Ümumi istifadədə olan su obyektlərindən çimərlik, qayıqla gəzinti, idman, balıq və digər su bioresurslarının həvəskar ovu, mal-qaranın suvarılması, texniki qurğulardan istifadə etmədən sugötürmə məqsədilə istifadə də ödənişsizdir.

Tariflər suyun keyfiyyətindən, istifadəyə görə təyinatından, su təsərrüfatı obyektlərinin texniki səviyyəsindən, suyun götürülmə və nəqledilmə üsullarından və normativ hüquqi aktlara uyğun olaraq istehsal xərclərinin həcminə təsir edən digər amillərdən asılı olaraq differensiallaşdırılır.

Tariflər müəyyənləşdirilən zaman əhalinin həssas qrupları da nəzərə alınacaqdır. Sudan ödənişli istifadənin tətbiq olunması əhalinin sosial rifahına mənfi təsir göstərməyək, əksinə su ehtiyatlarından səmərəli və qənaətlə istifadə etməklə əhalinin suya olan tələbatının tam şəkildə qarşılanmasına nail olunacaqdır.

Beləliklə, yeni Qaydaların əsas məqsədi su istehlakçıları üçün maliyyə yükü yaratmaq deyil, məhdud su resurslarına malik olan Azərbaycanda sudan səmərəli istifadə məqsədilə suyun mənbədən götürülməsindən son istehlakçıyadək dəqiq uçotun və qiymətləndirmənin aparılmasını təmin etməkdən ibarətdir.

Mingəçevir su anbarından başlayaraq Xəzərə dənizinə qədər Kür çayı üzrə sudan istifadəsinin tənzimlənməsi suya qənaət etməyə və ondan səmərəli istifadə etməyə və duzlaşma probleminin həllinə də kömək edəcəkdir”, – deyə o bildirib.

Gununsesi.info