
Bu məşhur dedektiv Aqata Kristinin romanının adı deyil,Lənkəranda baş vermiş dəhşətli qətlin baş vermə anıdır!
Ölüm var,ölüm kimi,ölüm var zülüm kimi…
Mən sənə öldürüldü demirəm, şəhid deyirəm, körpə Mələyim. Səninki ölüm olmadı balam, şəhidlik oldu. Tifil bədəninə iynə, sancaq batırmaqla günahsız ruhunu incitdilər, şəhid etdilər səni-özü də bəndə əllərinin Allah dərgahına savab üçün ucaldığı məqamda-sübh azanında. Qatil nənən özü müstəntiqlərə deyib ki, səni öldürmək üçün sübh azanını özü məqam seçib. Ana döşündən süd əmib yuxuya getdiyin anda İblisin güdazına getdin. Dost-doğmaca nənən-59 yaşlı ağbirçək qadın Namaza durub xoş niyyət etmək əvəzinə 6 axşam mərasimindəki şeytanqovucu iynələri götürüb şeytancasına bədəninə yeridib-uf da demədən. Eyni vaxtda 3 qıyıq iynəni,sancağı bədəninə batırıb ki,ölümün ani olsun – kimsə duymadan səssiz –səmirsiz keçinəsən. Sən isə ağlamısan,fəryad etmisən ağrının gücündən. Körpə harayının eşidilməməsi üçün ağzını qapayıb əlləri ilə,ağlamağını kəsə bilməyəndə hövlnak qaçaraq səni quyuya aparıb atıb. Şeytana uyduğunu,sonrakı peşmançılığını indi özü etiraf edir…Amma bu etiraf nəyi dəyişəcək ki?
… Nəvə qatili olan doğma nənə-Atifə Nurullayeva-kimsən sən? Hökmlü, hikkəli, nəinki 4 övladının, hətta ərin Muxtarın da qorxub çəkindiyi əzazil qadın.Yaxınları,kənd sakinləri belə xarakterizə edir onu. Astara rayonunun Ərçivan qəsəbəsində doğulub Lənkəranın Darquba kəndinə gəlin gələn Atifənin evdə bir sözünü iki edən kimsə olmayıb-dedikləri qanun olub.Ona görə ki, ailə yükünü özü çəkib.4 uşağı böyüdüb yerbəyer etməyin maddiyatı onun boynunda olub. Bir ayağı Bakıda, biri Lənkəranda olan Atifə alver edib pul qazanmaqla, iki qız köçürüb, iki gəlin gətirib. Yeznələri üçün evi də özü tikib. Bəs zəhmətkeş ana təsiri bağışlayan Atifədə ömrünün bu ahıl çağlarında qız övladına qarşı belə nifrət hardan yaranıb? Bəlkə uşaqlıqdan? Ola bilər. 9 qızın, 5 oğulun böyüdüyü kasıb ailədə lazımınca dəyər almadığı, qız uşağı olduğuna görə təhqirlərə məruz qaldığı üçün uşaqlığından nifrəti olub qızlara. Bu nifrət zaman-zaman böyüyüb, ahıl yaşında başına vurub. “Mən uşağı ailə üzvlərimin acığına öldürdüm. Gəlinin hamiləlik, doğuş vaxtlarında xərclərini mən ödəmişdim, 6 axşam süfrəsini də mən açmışdım. Amma həmin axşam ailə üzvlərim dava saldılar ki, Şaiq oğulsuz qaldı, ikinci övladı da qız oldu”–dedilər. Mən də onların acığına elə süfrədə qərara aldım ki, uşağı öldürəcəyəm”.
Qatil nənə deyib bunları ilkin istintaqda. Deməli, qatil tək nənə deyil, bütün ailə üzvlərinin günahı var Mələyin ölümündə.Amma, elə bu ailə üzvlərinin acığına körpə tifili daha çox sevmək, qayğı ilə əhatə etmək də olardı-axı ailə gəmisinin sükanı sənin əlində idi.Evə qazanc gətirən də,bölən də sən idin-Atifə ana-xala-nənə-qadın.!Oğlunun,bacın qızı olan gəlininin 6 günlük tifilinə qıymağa necə əlin qalxdı sənin? Qadın-ana ola-ola körpəni belə qəddarcasına necə şəhid edə bildin? İndi psixi pozğunluqlarının olduğunu, 20 il öncə Rusiyada buna görə müalicə aldığını deyirsən. Yaxşı,belə isə niyə özünü yox,körpəni quyuya atdın? Doğrudanmı inandın ki,kimisə inandıra biləcəksən ki,körpəni şeytanlar öldürdü, ya da psixi xəstəsən?
….Doğum evinin həkimləri, atıldığı quyudan körpənin meyidini çıxaran polislərisə tanrının bəndəsini bu gözəllikdə xəlq etdiyinə mat qaldıqlarını deyirlər. Sən həqiqətən Mələk kimi gözəl imişsən, MƏLƏK! Adını da başıbatmış nənələrin elə bu gözəlliyinə görə Mələk qoyublarmış…
…Bizdə bu soyuq qanları neylərdin İlahi? Behişt qoxusu verən 6 günlük körpənin bədəninə necə iynə- sancaq yeritmək olar,özü də 3 –nü birdən?Hələ bu azmış kimi quyuya necə tullamq olar nəfəsi üstündə olan canlı tifili! Şənə insan demək olmaz,qatil nənə, sənə CƏHƏNNƏM quyusunda da yer tapılmayacaq!
Sənin yerin həbsxanadır. Lənkəran şəhər polis şöbəsində barəsdə Azərbaycan Respublikası CM-nin 120.3 maddəsi ilə cinayət işi başlanıb. Bu maddəyə görə səni-Atifə Nurullayevanı 15 ildən 20 ilədək həbs cəzası gözləyir. Etdiyin qəddarlığa bu cəza az olsa da, dəmir barmaqlıqlar arasında düşünməyə, etdiklərinin cəzasını çəkməyə cox vaxtın olacaq. Hər sühb azanı isə sənə ƏCƏL ZƏNGİNi xatırladacaq…
Qeyd edək ki, hadisə ilə bağlı DİN iyulun 31-də rəsmi məlumat yayıb. Rəsmi məlumatda bildirilib ki, iyulun 30-da saat 6.03 radələrində Lənkəran rayonunun Darquba kənd sakini Şaiq Nuriyev DİN-in “102 Zəng Mərkəzi” nə zəng edərək yaşadığı evdə uşaq arabasında olan körpə qızının yoxa çıxmasını bildirib.
Həmin gün saat 6.31 radələrində Ş.Nuriyev təkrarən zəng edərək uşağın meyitinin həyətindəki su quyusunda olmasını deyib.
Hadisə yerinə gələn Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən uşağın meyiti su quyusundan çıxarılıb.
Esmira İsmayılova
LƏNKƏRAN
Gununsesi.info