“Süd vəzi xərçəngi üçün ən böyük risk qadın olmaqdır” - AZAD KƏRİMLİ

  • By admin
  • 07 Sentyabr 2017 12:05

product_1504361425-660x400

Son illər dünyada, eləcə də Azərbaycanda süd vəzi xərçəngindən əziyyət çəkənlərin sayı durmadan artır. Alimlər hesab edirlər ki, süd vəzi xərçəngindən sonra tamamilə sağlam və normal həyata dönmək mümkündür. Subay qadın ailə qura, evlidirsə, müalicəsi bitdikdən sonra ana ola bilər. Süd vəzisi xərçəngi çarəsi olan xəstəlikdir, müalicədən sonra tamamilə normal həyata dönmək şansı var. 

Milli Onkologiya Mərkəzinin baş həkimi, Azərbaycan Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli süd vəzi xərçənginin profilaktikasıyla bağlı Gununsesi.info-nun suallarını cavablandırıb.

– Süd vəzisi xərçəngi xanımlarımız üçün nə dərəcədə təhlükəlidir?

– Bədəndə hər hüceyrənin özünəməxsus ömrü var. Onların ömrü, nüvələrindəki genetik materialda yazılır. Qocalan hüceyrənin toxumadakı işi bitəndə ölür. Bu prosesin son stadiyası “planlı hüceyrə ölümü” adlanır. Xərçəng hüceyrələrinin digər hüceyrələrdən fərqi,  “planlı hüceyrə ölümü” proqramından kənara çıxıb, idarəolunmaz formada artmasıdır. Süd vəzisində xərçəngi digər orqanlardakına nisbətən çox ləng inkişaf edirlər. Bir hüceyrənin idarədən çıxaraq 1 kubsantimetr böyüklüyündə bir kütlə yaratması, süd vəzisi üçün 7-10 il deməkdir. Bu səbəbdən illik düzənli müayinələr erkən diaqnoz və müalicə deməkdir; yəni həyatınızı qurtara bilər. Əslində, istənilən orqanda yaranan xərçəng qadın üçün təhlükəlidir. Süd vəzisi xərçəngi zamanında müraciət edilmədiyində döşün tamamilə sıradan çıxarilmasına gətirə bilər.

– Süd vəzisi xərçənginin erkən simptomlari nələrdir?

– Süd vəzisi xərçənginin müalicəsində uğur şansı və əsas şərti erkən diaqnozdur. Xərçəng daha bir neçə mm diametrə sahib olduğu zaman belə mammoqrafiyada görülə bilər. Bu vəziyyətdə müalicənin nəticələri çox müvəffəqiyyətli olur. Buna görə də tez-tez süd vəzisi müayinələrinə gələn xəstələr çox şanslıdırlar. Xərçəng simptomları ortaya çıxdığı zaman şiş ən az 1 sm və ya daha böyük ölçülərə çatmış olur. Buna baxmayaraq, xəstəliyin tamamən sağalma ehtimalı hələ də var. Buna görə də, davamlı mammoqrafiyalar, ultrasəs müayinəsi və həkim müayinəsindən başqa, hər qadının öz süd vəzisi haqqında məlumatının olması da çox vacibdir. Qadınlar özlərini müayinə edərkən bunlara diqqət etməlidirlər: Ələ gələn kütlə: Süd vəzisi xərçəngində ən çox rastlanan simptom ələ gələn kütlədir. Bir xəstə əllə hiss edilən kütlə simptomu ilə xəstəxanaya gəldi isə ilk olaraq bu kütlənin kista, yoxsa şiş olduğu müəyyənləşdirilməlidir. İçi maye ilə dolu olan kistalar xərçəng deyil. Lakin iki təbəqəli solid kütlələr şiş kütlələridir. Bu şişlər vaxtaşırı müayinə edilməli və ya biopsiya vasitəsilə dəqiq diaqnoz qoyulmalıdır. Süd vəzisi ucu axıntısı: Süd vəzisi ucu axıntısı süd vəzisi xərçənginin erkən simptomu ola bilər. Süd vəzisi ucunun içəri çəkilməsi və simmetriyanın pozulması: Bir çox qadında süd vəziləri arasında kiçik fərqlər ola bilər. Birinin digərindən daha böyük olması və ya süd vəzisi uclarında simmetriya fərqi kimi. Bunlar hər hansı bir xəstəliyin əlaməti deyil. Amma bəzən də çox nadir hallarda süd vəzisi ucunun arxasında çixan şişlər erkən dövrdə süd vəzisi ucunun içəriyə doğru girməsinə səbəb olur. Daha əvvəllər hər iki süd vəzisi ucu simmetrik və normal olduğu halda ani olaraq süd vəzisi uclarında asimmetriya və ya birinin içinə doğru girməsi – süd vəzisi xərçəngi baxımından çox vacib simptom sayılır. Dəridəki simptomlar: Bəzən süd vəzisi xərçəngi dəridə bəzi simptomlar verir. Xüsusilə də kütlənin süd vəzisinin dərisinə yaxın olduğu zaman həm kütlə daha tez əllə hiss edilər, həm də dəri simptomları ortaya çıxar. Süd vəzisinin üzərində uzun müddət yox olmayan qızarma, yara, süd vəzisi dərisinin portağal qabığına bənzər görünüş alması, dərinin bir nöqtədə içəriyə doğru çəkilməsi kimi hallarda mütləq həkimə gedilməlidir. Bəzən də süd vəzisi üzərindəki bənövşəyi-mavi rəngli venaların gözə çarpması bəzi süd vəzisi şişlərində erkən diaqnoz üçün vacib simptomlardandır.

– Süd vəzində olan ağrı xərçəngin əlaməti sayıla bilərmi?

– Xeyr. Hətta süd vəzisi xərçəngində ağrı vermə ehtimalı azdır. Yalnız çox inkişaf etmiş mərhələdə, dərisində yaralar açılmış xərçəngli xəstələrdə bunla əlaqədar ağrı olur. Belə hallardan başqa, süd vəzisi xərçəngi özü ağrı verməz. Döş ağrıları qadınların çoxunun işlərinə, gündəlik həyatlarına və gecə yuxularına mane olmur. Bu yalnız dəqiq müayinədən sonra qoyulan diaqnozla təsdiqlənə bilər. Xərçəng diaqnozu çox məsuliyyətli sözdür. Bu sözü xəstəyə demək üçün həkim məsuliyyət daşıyır. Son sözü sistoloji müayinənin nəticəsi deyir.

– Qadınlar süd vəzilərini müayinə etməsinin nə faydası ola bilir?

– Vaxtında müayinə olunarlarsa, xəstəliyin irəliləməsinin qarşısı alına bilər. Hər 6 aydan bir müayinə olunmalar zamanı isə xəstəliyin tamamilə sağalma ehtimalı böyükdür.

– Süd vəzisi müalicəsinin erkən diaqnostikasının əhəmiyyati nədir?

– Tam sağalma şansını qaçırmamaqdır. Xəstəliyin ilkin mərhələlərində vaxtında müayinə olunularsa, tam sağalma mümkündür.

160_view

– Xanımlarımızda süd vəzi xərçəngi risk nə dərəcədədir?

– Süd vəzisi xərçəngi üçün əsas risk faktoru qadındır. Qadınların süd vəzisi xərçəngi olma riski yaşları ilə birlikdə artır. Süd vəzisi xərçənginin 1/10-i 40 yaşın altındakı qadınlarda, 2/3-si isə 55 yaşın üstündəki qadınlarda rastlanır.

– Süd vəzisi xərçənginə tutulma riskini hansı faktorlar artıra bilər?

– Burada yaş faktoru əsasdır. 50 yaşından sonra qadınlarda süd vəzi xərçəngiylə xəstələnmə təhlükəsi bu yaşadək olan qadınlara nisbətən 4 dəfə çoxdur. Ailədə süd vəzisi xərçəngi ilə xəstələnən olubsa, siqaret , reproduktiv dövr, eləcə də abort və körpənin döşlə əmizdirilməməsi, kontraseptiv preparatların istifadə olunması, estrogen hormonu ilə müalicə, alkoqol qəbulu və digər zərərli vərdişlər risk faktorunu artıra bilər.

– Heç uşaq sahibi olmamaq və ya gec uşaq sahibi olmaq buna səbəb ola bilərmi?

– Heç uşaq sahibi olmamaq və ya gec uşaq sahibi olmaq qadınlarda döş xərçənginə səbəb ola bilər. Heç uşaq sahibi olmamaq və ya ilk uşağını gec yaşlarda dünyaya gətirmək süd vəzisi xərçəngi riskini artırır. Heç övladı olmayan və ya ilk övladına 30 yaşından sonra sahib olan qadınların süd vəzisi xərçəngi olma riski bir az daha yüksəkdir. Çoxsaylı hamiləlik yaşamaq və ilk hamiləliyin erkən yaşlarda görülməsi isə süd vəzisi xərçəngi riskini aşağı salır.

– Süd vəzi xərçəngindən qorunmağın təsirli yolu hansılardir?

– Süd vəzi xərçəngindən qorunmağın təsirli yoluna alkoqolla vidalaşmaq, fiziki aktivlik, ailəvi risk haqqında məlumatlılıq, mümkün olduğu qədər üzun müddətli hormon müalicələrindən uzaq durmaq, süd vəzilərini hər ay yoxlamaq, yağı az olan qidalarla bəslənmə, mammoqrafiya çəkdirmək, əgər mümkündürsə, erkən yaşda uşaq sahibi olmaq, uşağın uzun müddət əmizdirilməsi kimi faktorlar süd vəzisi xərçəngindən qorunmağın ən təsirli yoludur.

– Qadın özünün də xəbəri olmadan bu problemin daşıyıcısı ola bilərmi?

– Qadınlarda heç bir problem olmasa belə, 40 yaşdan sonra müayinədən keçmək vacibdir. Erkən diaqnoz və 100% -li müalicə üçün bu şərtdir. Bizdə qadınların bu müayinədən keçməsi tamamilə ödənişsizdir. Yetər ki, onlar bu müayinədən keçməyi istəsinlər. Bu müayinələr müəyyən yaşın üzərindəki qadınların müayinələrini (screening mamografy) həyata keçirərək xəstəliyin müalicə edilə bilən bir mərhələdə tapılması üçün əvəzsiz yardımdır. Qorxulu olan bu xəstəlik deyil, xəstənin gecikməsidir. Xəstələrin bu mövzuda məlumatlı olmaları çox vacib əhəmiyyət daşıyır.

– Bu problemlə yaşayan insanlar çoxdurmu?

– Ölkəmizdəki əhalinin sayına görə azdır. Hazırda bu xəstəlikdən əziyyət çəkənlərin sayı 1414 nəfərdir. Onlardan da 835 nəfəri ilkin mərhələdə müalicə olunurlar.

– Süd vəzisi xərçəngi yalnız qadınların problemidir? Yoxsa kişilər də bu xəstəliyə tutula bilər?

– Süd vəzisi xərçəngi kişilərdə nadir hallarda rast gəlinir. Kişilərdə çox az rastlanmaya səbəb kişilərin hormonal səviyyəsinin qadınlardakı kimi hər ay dəyişiklik göstərməməsi və esterogenlə bağlı deyil. Daha az əhəmiyyətli səbəb isə kişilərin döş toxumasının qadınlarla müqayisədə daha az həcmli olmasıdır. Lakin buna baxmayaraq, kişilərdə az görülməsinə baxmayaraq, kişilərin süd vəzisi xərçəngi daha ağır keçdiyindən müalicə şansı daha azdır. Ona görə də kişi döşündə, xüsusilə də yetkin kişilərdə  belə dəyişikliklər baş verəndə dərhal həkimə müraciət edilməlidir.

– Bu problemdə irsi faktorlar nə qədər rol oynayır?

– Süd vəzisi xərçənglərinin cəmi 5 %-nin səbəbi irsi faktorlardır. Bununla bağlı maariflənmə işi güclü aparılmalıdır. Bu risk qadının yaşı ilə birlikdə artır və 80 yaşında təxminən 100 %-ə çatır. Süd vəzisi xərçəngi 40 yaşdan əvvəl meydana çıxırsa, eyni ailədə 2-dən çox süd vəzisi xərçəngi, yumurtalıq xərçəngi varsa, ailədə kişilərdə də süd vəzisi xərçənginə rastlanırsa, deməli, bu halda ailəvi süd vəzisi xərçəngi sindromu ola bilər. Mütləq qandan BRCA1və BRCA2 genetik testləri aparılmalıdır.

– Süd vəzisi xərçəngi diaqnozu qoyulan insan nəyi bilməlidir?

– Diaqnoz dəqiqləşəndə xəstəninl özünü çox pis hiss edəcəyini, qəbullənmədiyini bilirik. Ancaq xəstəyə bu məlumatları vermək çox vacibdir.  Xəstə nə ilə mübarizəyə hazır olacağını biləcək. Öyrənəcək ki, bu xəstəliyin müalicəsi var, ona görə də ölüm səviyyəsi çox aşağı düşüb. Döşü tamamilə almadan müalicə şansı var, həm də  döşün alındığı əməliyyatlar qədər uğurludur. Düzgün müalicənin aparılması üçün düzgün yerlərə müraciət edildiyindən əmin olmaq lazımdır. Bu xəstəliyə qalib gəlmək üçün əhval-ruhiyyə mütləq yüksək olmalıdır. Xəstə nə qədər çox məlumatlı olursa, bu xəstəliyə o qədər asanlıqla da qalib gələ bilir.

1380797458_4

– Xərçəng zamanı süd vəzini götürmək şərtdirmi?

– Xeyr. Bu yalnız ən son mərhələdə xəstə müayinə və müalicəyə gecikərsə, mümkündür. Onkoloji prinsiplər, qanunauyğunluqlar, ehtiyatlılıq var. Bunları nəzərə almadan, süd vəzini təmiz götürmək olmaz. Lakin bəzən də götürməsi lazım olanda xəstə etiraz edir, başqa ölkəyə üz tutur. Nəticə daha ağır olur. Az müddət sonra yenidən bizə müraciət edirlər. Onda da gec olur. Doğrudur, xəstəyə lazım olan bütün prosedurlar edilir. Lakin effektliyə gələndə, zamanında alınacaq effekti əldə etmək olmur.

– Hansı yaşda tibbi müayinələr mütləqdir?

– Qadınlarda 40 yaşından sonra tibbi müayinələr mütləqdir. Heç bir irsi riski və süd vəzisylə  şikayəti olmayan xəstə, həmin yaşadək  heç vaxt həkimə getməmiş bir qadın 40 yaşında mütləq ilk müayinələrdən keçməlidir. Önəmli risqi olmayan qadınlar 2 ildən bir, irihəcmli, fibrokistik quruluşlu  döşə malik, döşündə solid kütlə, ailəsində süd vəzisi xərçəngi olan qadınlar isə  ildə bir dəfə müayinədən keçməlidirlər.

– Mamoqrafiya nə zaman olunmalıdır?

– Mammoqrafiya son dərəcə zərərsiz bir metoddur, sadə bir rentgen çəkilməsi zamanı alınan miqdarda şüa verilir xəstəyə.  Mammoqrfaiya edilməsi 40 yaşından sonra istənilən qadın üçün vacibdir.

– Süd vəzisi xərçəngindən sonra normal həyata dönmək mümkündürmü?

– Əbəttə mümkündür. Həm də çox gözəl. 1və 2-ci mərhələdə 100% sağalmaya nail olmaq mümkündür. Süd vəzisi xərçəngindən sonra tamamilə sağlam və normal həyata dönmək mümkündür. Subay  qadın ailə qura, evlidirsə, müalicəsi bitdikdən sonra ana ola bilər.  Xərçəng ailə münasibətlərini korlayan, iş həyatına təsir edə biləcək vəziyyət deyil. Hətta belə xəstələrin həyata daha çox sarıldıqları, geri qalan ömrlərini  daha diqqətli davam edirlər. Hətta  qruplar, dərnəklər yaradıb, bir-birinə dəstək verənlər də az deyil. Süd vəzisi xərçəngi çarəsi olan xəstəlikdir, müalicədən sonra tamamilə normal həyata dönmək şansı var.

– Xəstənin psixoloji vəziyyəti müalicənin nəticəsinə təsir edə bilərmi?

– Psixoloji durumun necə olması xəstənin mübarizə əzmindən asılıdır. Çox pozitiv  və  gözəl psixoloji durumla yüksək  nəticə əldə etmək mümkündür. Xəstənin psixoloji vəziyyətinin müalicə müddətində çox böyük əhəmiyyəti var. Xəstəliyə qalib gələcəyinə inanmaq, bu mövzuda doğru məlumat əldə etmək, doğru həkimlərə müraciət etmək qədər vacibdir. Sadəcə, süd vəzisi xərçəngi deyil, bütün önəmli ciddi xəstəliklərdə xəstənin əhvali-ruhiyyəsi yüksək olmalıdır. Həkimin bir vəzifəsi də xəstəyə doğru məlumat vermək və əhvali-ruhiyyəsini yüksək, psixologiyasını sağlam tutmaqdır.

– Süd vəzi xərçəngi üçün əməliyyatla, eyni zamanda estetik əməliyyatla eyni zamanda ola bilərmi?

– Belə əməliyyatlar icra olunur. Lakin döşü tamamilə kəsilib götürülən xəstəyə yenidən döş qoyulması üçün əvvəlcə onun bütün müalicələri başa çatmalıdır. Müalicə başa çatmadan silikon-protez qoyularsa, radio terapiya ediləndə protez zədələnə bilər. Bundan başqa, təhlükənin tamamilə aradan qalxdığından əmin olmaq üçün ən azı 1 il gözləmək lazımdır. Bütün müalicə bitdikdən 1 il sonra estetik əməliyyat edilə bilərsiniz .

– Xəstələr nə üçün başqa ölkələrdə müalicəyə can atırlar?

– Bəzən insanlar elə bilir ki, uzaq ölkələrdə elə həmən şəfa tapacaqlar. Əslində isə, bu belə deyil. Bu gün Azəırbaycan Milli Onkologiya Mərkəzində əcnəbi həkimlər də ezamiyyətə gəlirlər, əməliyyatlarda iştirak edirlər. Avropanın bir sıra kliniki müəssisələriylə əməkdaşlıq edirik. Mübadilələr aparırıq. Elə əməliyyatlar var ki, onlar respublikamızda yalnız bizdə həyata keçilir. Hətta digər ölkələrdən daha əvvəl və uğurlu aparılan əməliyyatarımız var. Həyata keçirdiyimiz elə əməliyyatlar var ki, indiyədək bunu dünyanın 1 ya 2 ölkəsində həyata keçiriblər.

– Sizin üçün Sağlamlıq Formulu nədir?

– Canlı təbiət. Bu gün 40-50 yaşlı ağacları kəsirlər. Hər yerindən duran ağacı kəsib, tikinti aparır. Tikintini şəhərdən kənarda aparın ki, şəhər də böyüsün. Sağlamlıq Allahın insanlara verdiyi normal həyat tərzidir. Həyat da hər şeyi öz vaxtında həyata keçirmək lazımdır.

– Son olaraq xanımlara nə söyləmək istərdiniz?

– Xanımlarımız müayinələrə vaxtında gəlsinlər ki, səmərəli müalicə ala bilsinlər. Süd vəzisi xərçəngindən yox, gecikməkdən qorxmaq lazımdır. Müntəzəm illik müayinələrdən keçən bir qadının süd vəzisi xərçənginə tutulma riski dəyişmir. İşin bu hissəsi tamamilə qismətə bağlıdır. Lakin qadının  bu xəstəlikdən ölməsi də onun qisməti deyil. Xəstəliyə erkən tutulduğu zaman 100 % sağalma şansı var. Xərçəng öldürmür, diqqətsizlik və gecikmək öldürür. Çarəsi olan hər şey üçün diqqətli olmaqda fayda var. Süd vəzisi xərçəngi üçün ən böyük risk qadın olmaqdır. Bundan başqa risklər olub-olmadığına baxmayaraq, hər qadının yaşına uyğun müayinələrdən keçməsini məsləhət görürəm. Döşlərindən hər hansı  şikayətinizin olmasını gözləmədən müntəzəm olaraq bu müayinələrdən keçməlisiniz. Şikayətlər olmazdan əvvəl, müntəzəm müayinələrdə tapılan xəstəliyin müalicə şansı çox yüksəkdir.

Gülnaz Qənbərli

Gununsesi.info