Sudanda bazara mərmi düşdü – Xeyli ölən var

  • By admin
  • 06 Noyabr 2023 08:53

Sudanın paytaxtı Xartumun ətrafında yerləşən bazara mərminin düşməsi nəticəsində 20-dən çox adam həlak olub.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkədəki qeyri-hökumət təşkilatı olan Demokratiya Tərəfdarı Hüquqşünaslar Komitəsi məlumat yayıb.

Məlumata görə, partlayış bazarda Sudan ordusu ilə Çevik Reaksiya Qüvvələri (RRF) arasında intensiv atışma zamanı mərminin düşməsi nəticəsində baş verib.

Aprelin əvvəlindən Sudanda Məhəmməd Həmdan Daqlonun komandanlığı altında Çevik Reaksiya Qüvvələri (RRF) ilə nizami ordu arasında döyüşlər davam edir. Tərəflər döyüş əməliyyatlarında və obyektlərə nəzarətdə əldə etdikləri uğurlar barədə ziddiyyətli məlumatlar paylaşır, mediada və sosial şəbəkələrdə genişmiqyaslı informasiya müharibəsinə yol açır.

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ölkədə aylarla davam edən döyüşlər nəticəsində mümkün xəstəliklərin yayılması və səhiyyə sisteminin ölümcül iflasa uğraması barədə xəbərdarlıq edib. Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) məlumatına görə, Sudanda məcburi köçkünlərin sayı 7 milyonu ötüb.

Bundan əvvəl Sudan yarımhərbi qruplaşması ölkənin ikinci ən böyük şəhərini ələ keçirdiklərini bildirmişdi.

Gununsesi.info