Sudanın müstəqilliyinin 68-ci ildönümü qeyd olunub

  • By ilhame
  • 31 Dekabr 2023 13:58

Dekabrın 30-da Sudanın Azərbaycandakı səfirliyində Afrika ölkəsinin müstəqilliyinin 68-ci ildönümü ilə bağlı tədbir təşkil edilib.

Bu barədə Gununsesi.info-ya diplomatik missiyadan bildirilib.

Tədbirdə Azərbaycanda yaşayan Sudan icmasının üzvləri və onların ailə üzvləri iştirak ediblər.

Səfirliyin müvəqqəti işlər vəkili Mustafa Abdel Halim müstəqillik gününün əhəmiyyətindən danışarkən bildirib ki, Sudan Afrika qitəsində müstəqillik əldə etmiş ilk ölkələrdən biridir və o öz müstəqilliyini və azadlığını əldə etmək istəyən başqa ölkələrdəki azadlıq hərəkatlarına da dəstək verib. O həmçinin 1956-cı ilin yanvarın 1-də Sudanı müstəqil və azad ölkəyə çevirmiş dövlət qurucularını göstərdikləri fədakarlığa görə yad edib. Eyni zamanda, Azərbaycan – Sudan münasibətlərindən bəhs edən diplomat Afrika ölkəsinin Azərbaycanın müstəqilliyini tanımış ilk dövlətlərdən biri olduğunu diqqətə çatdırarkən Bakıda Sudan səfirliyinin hələ 1993-cü ilin fevralında açıldığını xatırladıb.

Sudan səfirliyinin binası müstəqillik gününə görə gül-çiçəklə bəzədilib və Sudan dövlətinin müstəqilliyini nümayiş etdirən lövhələr asılıb.

Gununsesi.info