Almaniyanın Azərbaycan və Ermənistan arasında vasitəçiliyi və artan fəallığı sülh danışıqlarında irəliləyişə səbəb olmasa da, bunun Fransanın prosesdən kənarlaşması baxımından ölkəmiz üçün əhəmiyyəti var.
Gununsesi.info-ya açıqlamasında bu barədə politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, Fransanın ermənipərəst mövqeyi bu ölkənin Azərbaycanla Ermənistan arasında vasitəçiliyinə əngəldir, rəsmi Bakı Parislə bu sahədə əməkdaşlıqdan imtina edib.
“Bu isə öz növbəsində Almaniyanın işinə yarayıb. Berlin “Cənubi Qafqazda mən də varam” deməklə həm Fransanın kənarlaşmasında rol oynayıb, həm də gələcəkdə Azərbaycan və Mərkəzi Asiyanı əhatə edən regional layihələrdə faydalanmaq üçün imkan qazanıb. Rəsmi Bakı Berlinin təşəbbüslərində iştirak etməklə Almaniyanın Fransadan ön plana keçməsinə dəstək vermiş olur. Əlbəttə, Parisin İrəvanın əli ilə Berlinin vasitəçiliyinə pozuculuq elementləri gətirməsi istisna deyil. Buna baxmayaraq, İrəvan hələ ki, Berlinin vasitəçiliyindən imtina etməyib”, – deyə o bildirib.
Xatırladaq ki, fevralın 28–29-da Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında Almaniyanın paytaxtı Berlin şəhərində danışıqlar aparılıb.
Nazirlər və onların heyətləri arasında “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin müddəaları üzrə mövqelər müzakirə edilib. Bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğu vurğulanıb.
Səfər çərçivəsində, nazirlər Almaniyanın Xarici İşlər naziri Annalena Berbok ilə də görüşüblər.
Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında danışıqlara ev sahibliyi etdiyinə görə Almaniya tərəfinə minnətdarlığını bildirib.
Gununsesi.info