“Sülh olmadıqca əlaqələr istədiyimiz səviyyədə olmayacaq”

“Ermənistanda keçirilən seçkilərin nəticəsi Paşinyanın tam qələbəsi deyil, qismən qələbə hesab oluna bilər”.

Gununsesi.info bildirir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev deyib:

“Qismən qələbə ona görədir ki, o, konstitusiya çoxluğunu əldə edə bilmədi. Eyni zamanda Paşinyan Azərbaycanla sülh sazişini imzalamaq istəyirsə, yeni konstitusiyanın qəbul olunması və ya mövcud konstitusiyanın dəyişdirilməsi zəruridir. Bunun üçün isə referendum keçirilməlidir və onun topladığı səs 50 faizdən aşağıdır. Belə çıxır ki, Paşinyan tezliklə referendum keçirsə, onun böyük ehtimalla referendumu uduzmaq ehtimalı var. Biz bilirik ki, Rusiyayönlü müxalif  adlandırılan qüvvələr referendumda Paşinyanın konstitusiya dəyişikliklərinə səs verməyəcək. Belə olduğu halda onun nüfuzuna ciddi ziyan dəyəcək və idarəetmə də xeyli çətinləşəcək”.

Deputat hesab edir ki, bu baxımdan Paşinyan seçkilərdən sonra yəqin ki, referenduma getməyəcək:

“Əgər referenduma getməsə, Azərbaycan da tələb qoyub ki, bu şərtlər olmadan sülh sazişi olmayacaq. Deməli, bölgədə sülh olmayacaq. Bu da sözsüz ki, bizim maraqlarımıza cavab vermir, regionun maraqlarına da cavab vermir. Bizə lazımdır ki, regionda ən azından Prezidentin vaxtilə təklif etdiyi 3+3 formatında əməkdaşlıq olsun, dövlətlər iqtisadi baxımdan daha sıx inteqrasiya etsinlər, iqtisadi əlaqələr qurulsun ki, ölkələr inkişaf etsin, iqtisadiyyat böyüsün, əhalinin rifahı yaxşılaşsın. Sülh olmadıqca Azərbaycanla Ermənistanın onsuz da mövcud olan iqtisadi əlaqələri, məsələn, yanacaq satışı davam etsə də, humanitar əlaqələr istədiyimiz səviyyədə olmayacaq, sərhədlər bağlı qalacaq, kiçik və orta sahibkarların iqtisadi əməkdaşlığı baş tutmayacaq. Bu da regionda həm sülhə, həm də təhlükəsizliyə xidmət etmir. İstənilən vaxt sıx iqtisadi, humanitar və mədəni əlaqələr olmayanda müharibənin kənar qüvvələr tərəfindən yenidən alovlandırılması ehtimalı var”.

 

 

Şəbnəm

Gununsesi.info