Sülh Şurası və Azərbaycanın rolu nədir? -ŞƏRH

“Sülh Şurası alternativ təşkilat kimi, BMT və digər beynəlxalq təşkilatların diskredite olunduğu bir dövrdə ABŞ-ın liderliyi kontekstində yaradılır. İndi sual olunur ki, Azərbaycan da ora qoşulur və bu ikinci dünya üçün nə deməkdir?”.

Bu fikirləri Gununsesi.info -ya açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib:

“İkinci Dünya Müharibəsindən sonra yaradılmış BMT, Millətlər Liqasının xələfi olaraq, öz üzərinə düşən funksiyaları yerinə yetirə bilmirdi və disfunksional vəziyyətə çatmışdı. ABŞ hökumətinin beynəlxalq təşkilatlarla bağlı davranışına baxdıqda görürük ki, ABŞ tərəfi BMT ilə paralel digər beynəlxalq təşkilatların yaradılmasında həmişə təşəbbüs göstərmişdir.

Məsələn, 1949-cu ildə NATO hərbi-siyasi blok kimi ABŞ-ın təşəbbüsü ilə yaradılmışdır. Hal-hazırda isə AUKUS təşkilatı – Avstraliya, Böyük Britaniya və ABŞ tərəfindən yaradılmışdır. Böyük İyirmilik və Böyük Yeddilik təşkilatları da buna misaldır. Birinci və İkinci Dünya Müharibəsindən sonra Millətlər Liqası və BMT müqayisə olunanda görünür ki, Millətlər Liqası və BMT daha çox beynəlxalq hüquqa əsaslanırdı. Trampın təklif etdiyi Sülh Şurası isə daha çox sülh dəyərləri və tranzaksional yanaşma üzərində qurulur; burada yeni reallıqlar nəzərə alınaraq tranzaksional diplomatiya və sülh quruculuğu aspektləri birləşdirilir.

Təşkilatın təsisçisi və erkən üzvü kimi Azərbaycanın dəvət olunması o deməkdir ki, Azərbaycan geosiyasi reallıqları yaradan, qlobal güc mərkəzləri ilə yaxından əməkdaşlıq edən və lider ölkə kimi fəaliyyət göstərən dövlət kimi bu prosesdə iştirak edir”.

 

Şəbnəm

Gununsesi.info