“Sülhü yalnız Türkiyə təmin edə bilər…” - UKRAYNALI SƏFİR

  • By admin
  • 20 Fevral 2022 02:52
“Bizim ölkəmiz tənha və müdafiəsizdir”
Rusiya Donbasda münaqişə tərəfi qismində iştirakını gizlədə bilməyəcək,
Gununsesi.info xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Vasili Bondar “Habertürk” nəşrinə müsahibəsində bəyan edib.
Diplomat Kiyevin NATO- ya qoşulmaq istəyini təsdiq edərək bəyan edib ki, yalnız Türkiyə münaqişə tərəflərinə müharibədən xilas olmağa kömək edə bilər.
Əvvəllər öz ölkəsində xarici işlər nazirinin müavini vəzifəsində çalışan Bondar deyib ki, Türkiyə ilə Ukrayna arasında münasibətlər Rusiya-ABŞ arasında mövcud olan gərginlik çərçivəsindən kənardadır, praktiki olaraq bütün sahələrdə böyük potensial üzə çıxıb.
Səfir qeyd edib ki, iki ölkə ticarət, sənaye, turizm, kənd təsərrüfatı, aviasıya və bir çox başqa sahələrdə işgüzar aləm üçün yeni imkanlar açır.
Onun sözlərinə görə, Ukrayna hələlik tənha və müdafiəsiz qalıb, Rusiyanın mövqeyi dəyişməz qalacaq, Rusiya hərbi gedişlərdən imtina etməyəcək, bu zaman Ukrayna NATO- ya üzvlük məsələsində geriyə addımlar atmayacaq.
“İyun ayında baş tutacaq NATO sammitində Ukrayna və Gürcüstanın NATO- ya daxil olması haqqında qərar regionda təhlükəsizliklə bağlı təhdidlərə ən yaxşı cavab olardı. Belə bir qərar qəbul edilməyincə Rusiya tərəfdən təhlükə həmişə olacaq.
Rusiya Dövlət Dumasının Donbasdakı qondarma qurumlarla bağlı məlum qərarına münasibət bildirən Bondar bunları deyib: “Rusiya Donbasdakı hərbi münaqişədə tərəf kimi iştirakını gizlədə bilməyəcək. Qanun layihəsinin Rusiya prezidenti tərəfindən dəstəklənməsi beynəlxalq hüquq və təhlükəsizlik arxitekturası üçün daha geniş və dağıdıcı nəticələrə gətirib çıxaracaq”.
Diplomat Ukrayna ilə Türkiyə arasında vasitəçiliklə bağlı dəqiq mövqe sərgiləyib: “İndiki məqamda sülhü təmin edə biləcək yeganə ölkə Türkiyədir. Prezidentlər səviyyəsində çox yaxşı münasibətlər mövcuddur. Türkiyənin hər iki ölkə ilə sıx təmasları var. Biz heç bir şübhə etmədən İstanbulda görüşə “hə” deyirik.
Söhbət zamanı mən Atatürkün 3 yanvar 1922- ci ildə Ukrayna barəsində söylədikləri fikirləri səfirə xatırlatdım: “Diqqətlə şimala nəzər yetirin. Orada dəniz var. Əgər siz bir anlığa dənizin olmadığını təsəvvür etsəniz, Türkiyənin Ukrayna ilə bir-birinə necə yaxın olduğunu görəcəksiniz”.
Bondar dedi ki, bunu ilk dəfədir ki, eşidir və qeyd etdi: “Bu, həqiqətən tarixi və yerində söylənilən fikirdir. Bu, bizim münasibətlərimizin uzun tarixə və sarsılmaz geosiyasətə əsaslandığının ifadəsidir. Bizim vətəndaşlarımız bu fikirləri bilməlidir”.
Səfir iki ölkə arasında müxtəlif sahələrdə inkişaf perspektivlərindən danışıb.
Müdafiə sənayesi sahəsindən danışarkən o, qeyd edib ki, artıq birgə istehsal başlanıb.
“Biz müdafiə sənayesində bir-birimizlə rəqabət aparmırıq. Biz bir-birimizi tamamlayırıq. Bu sahədə işləyən Ukrayna şirkətləri hazırda Türkiyədə obyektlər əldə etmək istəyir. Tezliklə bu istiqamətdə hərəkətə kecəcəklər. Bizim bu sahədə, o cümlədən pilotsuz uçuş aparatları ( PUA), zərbə PUA-ları, aviasiya texnologiyaları  sahəsində əməkdaşlığımız rəsmiləşdiriləcək”.
Səfirin bəyanatları göstərir ki, bu günlər qlobal mübarizə arenasına çevrilən ölkə olaraq Ukrayna Türkiyə üçün çox unikal və ciddi potensiala malikdir. İndi iki ölkənin bu potensialdan səmərəli istifadə etmək zamanı yetişib.
Gununsesi.info