Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun son iki oyunu keçiriləcək.
Gununsesi.info xəbər verir ki, günün ilk matçında “Sumqayıt” “Qarabağ”ı qəbul edəcək.
Ağdam klubu 49 xalla liderdirsə, “gənclik şəhəri” təmsilçisi 14 xalla 7-ci pillədə qərarlaşıb. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv səfər qarşılaşmasında uduzmasa, ardıcıl 10-cu mövsüm avrokuboklara vəsiqə qazanacaq.
Komandalar indiyədək ölkə çempionatlarında 37 dəfə üz-üzə gəliblər. Bunların 27-də “köhlən atlar” qələbə qazanıbsa, 5-də meydan sahibləri 3 xala sevinib. Topların nisbətində də “Qarabağ”ın aşkar üstünlüyü var – 83:18. Ağdamlılar Premyer Liqadakı son 7 matçda rəqibinə uduzmur, “Sumqayıt” isə 3 görüşdə xala həsrətdir.
Tura “Səbail” – “Qəbələ” görüşü ilə yekun vurulacaq. Hazırda “dənizçilər” 11 xalla sonuncu – 8-ci, “qırmızı-qaralar” isə 34 xalla 4-cüdür. Elmar Baxşıyevin baş məşqçi olduğu kollektiv səfər matçında qalib gələcəyi təqdirdə, 3-cü pilləyə yüksələcək.
Premyer Liqasındakı əvvəlki 18 matçın 9-da əyalət klubu, 4-də paytaxt təmsilçisi qələbə qazanıb. Topların nisbətində də “Qəbələ” öndədir – 33:16. “Qırmızı-qaralar” son üç matçda qalib gəlib. Son 4 görüşdə qol vuran komanda üç xal qazanıb.
Azərbaycan Premyer Liqası, XXII tur
10 aprel (bazar)
18:30. “Sumqayıt” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Kapital Bank Arena.
20:30. “Səbail” – “Qəbələ”
Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Rəhman İmami, Rəvan Həmzəzadə
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Ramiz Mustafayev
ASCO Arena.
Qeyd edək ki, ilk oyun günündə “Neftçi” səfərdə “Şamaxını” 2:1, “Sabah” isə evdə “Zirə”ni 3:1 hesabı ilə üstələyib.
Gununsesi.info