Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsindən 2014-2015-ci illərdə və 2016-cı ilin yanvar-mart aylarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Sumqayıt şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinə (Mərkəz) ayrılmış vəsaitlərin istifadəsinə dair həyata keçirilmiş auditin nəticələri üzrə Hesabatı müzakirə edərək təsdiq etmişdir.
Gununsesi.info xəbər verir ki, 2014-cü il ərzində 16400 nəfəri əhatə edən 4222, 2015-ci il ərzində 17224 nəfəri əhatə edən 4451, 2016-cı ilin I rübündə isə 3309 nəfəri əhatə edən 848 olmaqla cəmi 9521 ailəyə ünvanlı dövlət sosial yardımı (ÜSY) təyinatı aparılmış, 2014-cü ildə 212, 2015-ci ildə 142, 2016-cı ilin I rübündə isə 29 olmaqla cəmi 383 ailəyə müxtəlif səbəblərdən imtina haqqında qərar verilmişdir. Audit prosesində risk əsaslı seçmə həyata keçirilmiş və araşdırma həmin işlər üzrə aparılmışdır.
ÜSY-nın adambaşına düşən orta məbləği 2014-cü ildə 37,37 manat, 2015-ci ildə 41,65 manat, 2016-ci ilin I rübündə isə 39,70 manat təşkil etmişdir.
Sosial müavinətlər və təqaüdlər üzrə Mərkəz tərəfindən auditin əhatə etdiyi dövr ərzində 3206 nəfərə yeni təyinat aparılmış, beş nəfərə təyin edilən sosial müavinət və təqaüd işi digər əhalinin sosial müdafiəsi mərkəzlərindən daxil olmuş, 1037 sosial müavinət işinin ödənişi müəyyən səbəblərdən dayandırılmış, 332 müavinət və təqaüd işi üzrə sosial müavinət və təqaüd alan şəxs vəfat etmiş, 243 iş üzrə sosial müavinət alana ödəniş əmək pensiyası hüququ yaranması ilə əlaqədar dayandırılmışdır.
ÜSY təyinatı üzrə bir sıra hallarda qanunvericiliyin tələblərinə əməl edilməmiş, 56 iş üzrə ailənin əmək haqqı gəlirləri, 36 iş üzrə sosial müavinətlərdən, 17 iş üzrə əmək pensiyalarından, 22 iş üzrə torpaq payından, 11 iş üzrə digər mənbələrdən gəlirləri haqqında, 16 iş üzrə ailənin tərkibi, 2 iş üzrə kredit öhdəliyi, 1 iş üzrə edilmiş alqı-satqı, 100 iş üzrə ailənin istifadəsində avtomobilin olması haqqında düzgün və ya tam məlumat verilməmiş, 2 iş üzrə ailənin əmək qabiliyyətli üzvünün işləmədiyi, 16 məcburi köçkün işi üzrə kommunal xidmətlərə görə ödəmələr düzgün nəzərə alınmamış, 2 iş üzrə Azərbaycan Respublikasında daimi yaşamayan əcnəbi ailənin tərkibinə daxil edilmiş, nəticədə ÜSY üzrə artıq ödəmələr yaranmışdır.
Sosial müavinətlər və təqaüdlərin təyinatı və ödənişi zamanı da qanunvericilliyin bir sıra tələblərinə əməl edilməmiş, əmək pensiyası hüququ olduğu halda 5 iş üzrə əlilliyə görə, 3 iş üzrə sağlamlıq imkanlarının məhdudluğuna görə, 1 iş üzrə ailə başçısının itirilməsinə görə, 7 iş üzrə kommunal güzəştlərin ləğv edilməsinə görə sosial müavinət ödənilmiş, 16 iş üzrə vətəndaşın vəfat etdiyi tarix dəqiqləşdirilməmiş, 7 iş üzrə səhv hesablamalara yol verilmiş, birdəfəlik müavinətlərin ödənilməsində nöqsanlar olmuşdur.
Təqdim edilmiş məlumatlara əsasən auditin başladığı tarixə həm ünvanlı dövlət sosial yardımı, həm də sosial müavinətlər və təqaüdlər üzrə bağlanmış hesablarda istifadəsiz qalmış vəsaitlər mövcud oldu]u müəyyən edilmiş və həmin vəsaitlər audit dövründə dövlət büdcəsinə qaytarılmışdır.
Hesablama Palatasının Kollegiyası Sumqayıt şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığı nəzərə almaqla müəyyən edilmiş digər nöqsanların qısa müddət ərzində ləğv edilməsi, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul etmiş, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə müvafiq Təqdimat Sumqayıt şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinə, Kollegiya qərarının surəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir.
Auditin nəticələri ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinə məlumat verilmişdir.
Gununsesi.info