Sumqayıt sakini Rəsulzadənin şəkli olan maska taxdığı üçün tutulub? - RƏSMİ AÇIQLAMA + FOTO

  • By admin
  • 27 İyun 2020 11:53

Daxili İşlər Nazirliyi ötən gün Sumqayıt şəhərində üzərində Məmməd Əmin Rəsulzadənin fotosu olan maska taxdığı üçün saxlanıldığını iddia edən şəxslə bağlı məsələyə münasibət bildirib.

Gununsesi.org bildirir ki, DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, həmin şəxsin maskanın üzərində Rəsulzadənin şəklinin olmasına görə saxlanılması barədə iddialar həqiqəti əks etdirmir.

O qeyd edib ki, Cavid Məmmədzadə ölkədə elan edilən xüsusi karantin rejimi qaydalarını pozduğu üçün saxlanılıb:

“Küçəyə çıxmaq üçün iki saat icazə verilir. Vətəndaş isə bu limiti keçdiyi və polisin qanuni tələbinə tabe olmadığı üçün saxlanılıb. C.Məmmədzadə küçədə gəzərkən polis əməkdaşları  icazəsinin olub-olmamasını yoxlayan zaman onun bu limitinin başa çatdığı məlum olub.

Ona bu barədə irad bildirəndə həmin şəxs polisin yanından uzaqlaşmaq istəyib. Vətəndaş dayanmağa dəvət edilsə də, əmrə tabe olmayıb”.

“C.Məmmədzadə polislər tərəfindən saxlanılıb, barəsində toplanmış materiallarla əməlinə hüquqi qiymət verilməsi üçün müvafiq məhkəməyə göndərilib”, – deyə DİN rəsmisi qeyd edib.


Gununsesi.org