Sumqayıtda yanğın olan yataqxanada mənzillərin təmirinə başlanıldı

  • By admin
  • 09 Avqust 2017 14:12
598ae0c3b1fe4_etryuu_4875756
Avqustun 5-də Sumqayıt Dövlət Universitetinin ərazisində yerləşən 5 mərtəbəli yataqxanada baş verən yanğın nəticəsində zərər dəymiş mənzillərin bərpasına başlanıb.
Gununsesi.info xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimovun APA-ya verdiyi məlumata görə, yanğın nəticəsində yataqxanada məcburi köçkünlərin yaşadığı 22 mənzilə ziyan dəyib.
Artıq mənzillərin təmirinə başlanıb və mənzillərin qısa müddətdə təmirinin başa çatdırılması üçün iş aparılır: “Mənzillərin təmirinə 3 briqada cəlb olunub. Həmin mənzillər yüksək səviyyədə təmir edilərək məcburi köçkün ailələrə təqdim olunacaq”.
Qeyd edək ki, Sumqayıt Dövlət Universitetinin ərazisində yerləşən yataqxanada 1993-cü ildən qaçqın və məcburi köçkünlər məskunlaşıb. Yanğın nəticəsində mənzillərinə ziyan dəymiş bəzi vətəndaşlar üçün avqustun 6-da Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları tərəfindən 30 çadırın quraşdırılmasına başlanılıb.

Gununsesi.info