
Xəbər verdiyimiz kimi, bu səhər Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində iki nəfər həlak olub, dörd nəfər yaralanıb.
Gununsesi.info xəbər verir ki, Sumqayıtın Corat qəsəbəsində Dağbəyi Fərəcovun evinə silahlı hücum zamanı qonşuluqda yaşayan sahə müvəkkili Etibar Sarıyev xüsusi fədakarlıq göstərib. Bu barədə xaricdə yaşayan jurnalist Fikrət Hüseynli sosial şəbəkə hesabında məlumat verib.
Jurnalist qeyd edib ki, sahə müvəkkilinin atəş səslərini eşidib, qonşu evə gedib, prosesə müdaxilə etməsi nəticəsində evdə olan uşaqlara bir şey olmayıb, daha çox insanın qətlinin önü alınıb. Hadisə zamanı Etibar Sarıyevin özü və atası isə yaralanıb.
Xatırladaq ki, silahlı basqın nəticəsində 1950-ci il təvəllüdlü Fərəcov Dağbəyi və onun qızı 1985-ci il təvəllüdlü Karakaş Suzana öldürülüb.
İnsident zamanı Süzana Karakaşın həyat yoldaşı Türkiyə vətəndaşı Sərkan Karakaş, Tərlan Fərəcova, 1958-ci il təvəllüdlü Mehman Mahmud oğlu Sarıyev və onun oğlu 1990-cı il təvəllüdlü Etibar Sarıyev ağır yaralanıblar.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsindən bildirilib ki, Sumqayıt şəhərinin 16-cı mikrorayonunda baş verən hadisə ilə əlaqədar saat 06:05 radələrində dörd nəfər müxtəlif növ bədən xəsarətləri ilə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib:
“Onlardan Türkiyə vətəndaşı olan 1985-ci il təvəllüdlü Sərkan Karakuş əməliyyat olunub, vəziyyəti ağır olaraq qiymətləndirilir. 1960-cı il təvəllüdlü Tərlan Fərəcova, 1958-ci il təvəllüdlü Mehman Sarıyev Reanimasiya şöbəsinə yerləşdiriliblər və əməliyyat olunublar. Vəziyyətləri kafi qiymətləndirilir. 1990-cı il təvəllüdlü Etibar Sarıyev isə Travmatologiya şöbəsində müalicə alır. Vəziyyəti qənaətbəxşdir”.
Gununsesi.info