Süni intellektlə qanunsuz, saxta materialların hazırlanıb yayılmasına görə cərimə və digər cəzalar müəyyənləşir.
Sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “Media haqqında” və Cinayət-Prosessual Məcəlləsinə, həmçinin Cinayət Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Sənədə əsasən, şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə reallığı əks etdirməyən foto, video və ya audio materialları hazırlama və ya həmin materialları mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında, informasiya-telekommunikasiya şəbəkələrində yayma 3 min manatdan 7 min manatadək cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər, habelə 3 ilədək azadlığın məhdudlaşdırılması, eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Qeyd olunur ki, eyni əməllər bir qrup şəxs və ya qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, iki və ya daha çox şəxsə qarşı baş verdikdə, şəxsin şərəf və ləyaqətini ləkələmək və ya onu nüfuzdan salmaq məqsədilə həyata keçirildikdə, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumlarına qarşı törədildikdə – 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Həmçinin, şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audio materiallar hazırlayanlar da cərimələnəcəklər.
Gununsesi.info bildirir ki, məsələyə münasibət bildirən Multi-Media Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz təşəbbüs təsadüfi deyil.

“Son illərdə süni intellekt texnologiyalarının inkişafı ilə birlikdə deepfake manipulyasiyaları, reputasiya hücumları və xüsusilə seksual şantaj halları dünyada ciddi problemə çevrilib. Xüsusən də porno ilə bağlı sərt yanaşmalar tətbiq edilir. Bir çox ölkələr artıq bu risklərə qarşı hüquqi mexanizmlər qurmağa başlayıblar.
Bu baxımdan belə addımlar şəxsi həyatın, ictimai nüfuzun və informasiya təhlükəsizliyinin qorunması üçün zəruridir.
Amma burada incə bir məqam da var.
Süni intellektlə hazırlanmış materialların işarələnməsi media mühitində şəffaflıq yaratsa da, bunun tətbiqi mexanizmi problemlər yarada bilər.
Əgər bu prose düzgün qurulmasa, xəbər istehsalı və informasiya mübadiləsi üçün əlavə hüquqi riskləri yarada bilər.
Süni intellektlə hazırlanmış şəkil necə sübut olunacaq, hansı səviyyədə istifadə olunanda işarələnmə tələb olunacaq, əlavə alətlərdən də istifadəe dilsə necə qiymətləndiriləcək .
Yeni dəyişikliklərin tətbiqində təcrübələrin olmadığı bir halda məmurlar tərəfindən əlavə bürokratik əngəllər yarana bilərmi?
Yəni əsas məsələ yalnız cəzaların sərtliyi deyil, qanunun necə tətbiq olunacağıdır. Çünki süni intellekt texnologiyaları sürətlə yayılır və yaxın illərdə media, kommunikasiya və yaradıcı sənayenin böyük hissəsi bu alətlərdən daha çox istifadə edəcək.
Kimlər bundan yararlanmayacaqsa rəqabətə tab gətirə bilməyəcək”,-deyə o əlavə edib.
Osman Gündüz qeyd edib ki, bu səbəbdən yeni hüquqi yanaşmalar hazırlanarkən iki məqsəd paralel qorunmalıdır.
“Yəni həm vətəndaşların hüquqları və reputasiyası qorunmalıdr, digər tərəfdən isə innovasiya, yaradıcılıq və açıq informasiya istehsalına, xəbər istehsal edən qurumlara maneçilik yaradılmamalıdır”.
Günay












