Sürət zəif, qiymət isə baha:  İnternet problemi nə vaxt həll olunacaq...

  • By admin
  • 22 Sentyabr 2021 10:59

Azərbaycanda internetin sürəti ilə bağlı problem hələ də həllini tapmayıb. Xüsusilə son bir ay ərzində bütün ölkə üzrə internetin sürətində ciddi geriləmə olduğu deyilir. Bu barədə sosial şəbəkələrdə istifadəçilərin çoxsaylı şikayətlərinə rast gəlmək olar. Vətəndaşlar internetin sürətinin zəif, qiymətinin isə baha olmasından narazılıq edirlər.

Bununla bağlı Modern.az-a danışan “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz ölkədə internet probleminin olmasını təsdiqləyib. Hətta İKT mütəxəssisi problemin dövlət başçısı, o cümlədən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi səviyyəsində də səsləndirildiyini vurğulayıb:

“Bu problem uzun müddətdir ki, öz həllini tapmayıb. Məsələ nazirliyin indiki rəhbərliyinin günahı deyil, onlara da sələflərindən miras qalıb. Azərbaycanda qonşu ölkələrdən fərqli olaraq, keyfiyyətli internetə əlçatımlılıqla bağlı infrastruktur məsələsi öz həllini tapmayıb. Qonşularda keyfiyyətli internetə əlçatımlılıq problemi vaxtında həll edildi. Azərbaycanda isə 2014-cü ildə böyük bir dövlət proqramı hazırlandı. “Hər evə optika” adı verilən bu proqram genişzolaqlı, keyfiyyətli internetin əldə olunması ilə bağlı idi. Dövlət bu proqrama nəzərdə tutulan yarım milyard manat vəsaiti son anda ayırmaqdan imtina etdi. Həmin pulun ayrılmamasının obyektiv səbəbləri var idi. Hazırlanan proqramda şəffaflıqla bağlı ciddi problemlər, korrupsiya, vəsait itkiləri görünürdü.  Bundan sonra internet probleminin həlli istiqamətində yalnız epizodik addımlar atıldı. Azərbaycanda kompleks şəklində keyfiyyətli internet məsələsi öz həllini tapmadı”.

 

 

Nazirliyin indiki rəhbərliyinin internet problemini həll etmək üçün yeni təşəbbüslə çıxış etdiyini söyləyən Osman Gündüz internet abunəçilərinə şad xəbər verib:

 

“İndiyə qədər nazirlik yalnız dövlət provayderlərinin – “Baktelekom”, “Aztelekom”, “Azeurotel” və s. xətti ilə keyfiyyətli internet problemini həll etmək istəyirdi. Ancaq indiki rəhbərlik dövlət və özəl partnyorluğu birləşdirib. Ümid doğuracaq məqam budur. Hesab edirəm ki, təşəbbüsün prinsipləri açıqlananda,dövlət tərəfindən bura yetərincə investisiya ayrılsa, yaxın zamanda problemi həll edə bilərik”.

 

 

“Bəs ölkədəki problem həll edilənə qədər nə etmək lazımdır” sualına gəlincə, mütəxəssis internet istifadəçilərinə məsləhətlərini dilə gətirib:

 

“İnternet satışı ilə məşğul olan və böyük pullar qazanmaq istəyənlər var. Biz buna çəkidə aldatmaq deyirik. Ona görə, düşünürəm ki, həm hökumət tərəfindən, həm də cəmiyyət tərəfindən atılan addımlar gücləndirilməlidir. Hökumət keyfiyyətsiz internetlə bağlı cəza tədbirlərini artırsa, daha yaxşı olar. Bəlli standartlar müəyyən olunmalı, onları pozan provayderlərə qarşı sərt tədbirlər görülməlidir.

 

Vətəndaşlar isə bir qədər diqqətli, ayıq olaraq, özünün internetini monitorinq etməyi bacarmalı, sürətini ölçməyi öyrənməli, dövlət qurumuna, provayderə müraciət etməli və hətta məhkəməyə belə getməlidirlər. Necə ki, vətəndaş bazardan 1 kiloqram meyvə alanda çəkidə aldadan satıcıya etiraz edirsə, onlayn mühitdə də dəqiqlik tələbini qoymalıdır. Hökumət rəqəmsal mühitdə istehlakçıların hüquqlarını qorumaq üçün qanunvericiliyi təkmilləşdirməli, vətəndaşlara hüquqlar verməli, özü isə bunun arxasında durmalıdır”.

Gununsesi.info