Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı Rayon Polis İdarəsinin Müvəqqəti saxlanma yerinə (MSY)əvvəlcədən xəbərdarlıq etmədən baş çəkilib.
Gununsesi.info-ya Ombudsmanın mətbuat xidmətindən verilən məlumata görə, BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunan başçəkmədə məqsəd saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması, Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydalarına müvafiq şəkildə saxlanılan şəxslərin hüquqlarının təmin edilməsi, o cümlədən sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.
MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı saxlanılma şəraiti ilə bağlı MSY-nin bütün kameralarına baxış keçirilib, qidalanma, tibbi yardım, gəzinti, görüş, telefon danışıqları və digər hüquqların təminatı vəziyyəti, saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən sənədləşmə öyrənilmiş, habelə rəftar məsələləri araşdırılıb, bu məqsədlə müəssisə daxilində saxlanılan şəxslər fərdi qaydada qəbul edilərək dinləniliblər.
Qəbul edilmiş şəxslər MSY əməkdaşlarının onlarla rəftarından narazılıq etməyib, barələrində aparılan istintaqla bağlı hər birinə qaldırdıqları məsələlərə dair qanunvericiliyə uyğun şəkildə hüquqi məsləhətlər verilib, sənədləri araşdırılıb, onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri izah olunib, Ombudsmana ünvanlanan ərizə və müraciətləri qəbul olunub, habelə bəzi müraciətlər yerində təmin edilib.
Başçəkmənin yekunu Suraxanı Rayon Polis İdarəsinin rəhbərliyi ilə müzakirə olunub, MSY-nin əməkdaşlarına ünvanlanan hüquqi maarifləndirici söhbətlər aparılmış, sənədləşmənin təkmilləşdirilməsi və müraciətlərin təmini məsələsi müzakirə olunmuş, milli və beynəlxalq qanunvericiliyə uyğun şəkildə müvafiq tövsiyələr verilib.
Gülnaz Qənbərli
Gununsesi.info